Bakı "İnter"inin yeni transferi Kamran Ağayev "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Unikal.org "Report"a istinadən həmin müsahibəni təqdim edir...

- Debütünüzü necə dəyərləndirərdiniz?

- Hesab edirəm ki, pis alınmadı. Çünki sonuncu dəfə noyabrda Türkiyənin "Karşıyaka" klubunun heyətində meydana çıxmışdım. 3 aydır oynamamaq bir az çətin olur. Amma yəqin ki, bunun öhdəsindən gələ bildik. Əsas nəticə idi, onu da əldə etdik. Amma necə oynadıq, harda səhvlər etdiksə, baş məşqçimiz bizə göstərəndən sonra onları da düzəltməyə çalışacağıq. Problemlər, çatışmazlıqlarımız var. Rauf Əliyev, Mirhüseyn Seyidov, Zurab Xizanişvili zədəlidirlər. Eyni zamanda Vüqar Nadirov bərpa olunsa da, onun oyun praktikası qazanaraq, formaya düşməsi üçün vaxt lazımdır. Çalışıb bunları tezliklə aradan qaldırmalıyıq.

- Qayıdandan sonra yəqin ki, çətinlik çəkmədiniz...

- Hər zaman demişəm ki, Azərbaycan klublarına keçəndə adaptasiyaya ehtiyac yoxdur. Çünki sənin ölkəndir, öz tanıdığın uşaqlardır. Bir neçə futbolçu var ki, legioner ola, sən də onları tanımaya bilərsən. Türkiyəyə gedəndə də uyğunlaşma problemi yaşamırdım. Çünki cavan deyilik, kifayət qədər yaşımız var. Düzdür, qapıçı üçün 30 yaş cavan dövr sayılır. Amma hər halda bişmiş oyunçuyuq, buna hazır oluruq. Uşaq vaxtlarından meydanlardayıq. Ona görə də hazırlıqlı oluruq. Meydana çıxanda əsas odur ki, səndən istəniləni həyata keçirəsən. O ki qaldı qaynayıb-qarışmağa, hamısı tanıdıqlarımdır. Burada nə ola bilər ki...

- Adət etmişik ki, Kamran Ağayev iddialı klublarda çıxış edib. "İnter"i də çempionluğa iddialı komanda saymaq olar?

- Xal baxımından, "İnter"in kifayət qədər xalı var. Amma digər tərəfdən, komandamız özünəməxsus üslubda oynayır. Bu taktika illlərdir formalaşıb. O demək deyil ki, "İnter" çempionluğa oynamır. "İnter" böyük klubdur, Çempionlar Liqasında, Avropa Liqasında oynamaq istəyir.

- Fasilədən sonra 3 oyunda qalib gələ bilmədiniz. Demək olarmı ki, "qara zolaq"dan çıxa bildiniz?

- Bu, futboldur. Səhv etmirəmsə, bir zamanlar "İnter" 8 oyundan məğlub ayrılmışdı. Heç kim sığortalanmayıb. 90 dəqiqə vuruşmaq lazımdır ki, istədiyini əldə edəsən. "Kəpəz" bu il Premyer Liqaya qayıtsa da, öz sözünü demiş futbolçulardan formalaşıb. Bəxtiyar Soltanov, Namiq Ələsgərov Tərlan Quliyev kimi milli komanda üzvlərinə malikdir. İndiki dövrdə zəif komanda yoxdur.

- Legioner karyeranız bağlandı?

- "İnter"lə 6 aylıq müqaviləm var. Hazırda bu komandanın uğurları üçün çalışıram. Amma bu vəziyyətdə getmək istəmirəm. "Karşıyaka"dan ayrılarkən, zədəli idim. Müəyyən problem oldu, oynamadım. Millidə oynasam da, bunlar kifayət etmir. "Karşıyaka"nı kiçiltmək istəmirəm. O da bir komandadır.

- "Karşıyaka" ilə probleminiz qalmayıb?

- Xeyr, heç bir problem yoxdur. Normal şəkildə ayrıldıq. Borclu idilər, onu istəmədim, ayrıldım. Bizə futbol lazımdır. Hazırda düşüncəm "İnter"lə bağlıdır. Müqavilə başa çatdıqdan sonra yenə də legioner həyatı yaşamaq fikirlərim var.

- Bir vaxtlar çıxış etdiyiniz "Xəzər Lənkəran" klubunun transferə çıxardığı Elnur Cəfərov İspaniya "Ovyedo"suna baxışa yollanıb. Bu barədə nə deyə bilərdiniz?

- Birincisi, baxışa getmək onun şəxsi işidir, qarışmıram. Bir zamanlar biz də o yaşda olmuşuq. Amma heç vaxt baxışa getməmişəm. Elnur millinin heyətində çıxış edən futbolçudur. Birbaşa müqavilə bağlamağa getməlidir. Peşəkar futbolçu kimi bunu belə bilirəm. İkincisi, bütün azərbaycanlı futbolçular Bir zamanlar "Xəzər Lənkəran"da çıxış edəndə deyirdim ki, 25 yaşımadək alınsa, legioner olacağam. Böyüdükcə görürsən ki, elə deyil. Çalışıb xaricdə oynamaq, ölkənin adını qaldırmaq, futbolunu irəli aparmaq lazımdır. Hesab edirəm ki, düz addım atıb. Amma birbaşa müqavilə bağlamağa getsəydi, daha yaxşı olardı. Çünki peşəkar olmaq lazımdır, karyerana hörmətlə yanaşmaq lazımdır. Milliyə isə hələ dəvətli deyilik. Hələ o vaxtadək bir neçə tur var. Sabah meydanda qırıla bilərəm.

- Millinin qarşıda təlim-məşq toplanışı və Qazaxıstanla yoldaşlıq görüşü olacaq. Bu toplanış və qarşılaşmadan nə gözləyirsiniz?

- Hələ ki milliyə dəvətli deyilik. Hələ o zaman yetişməyib. Dəvət edilib-edilməyəcəyimi bilmirəm. Qarşıda 4 tur var. Sabah meydanda qırıla bilərəm. Hər şey ola bilər. Vaxtı yetişəndə danışarıq.

- Oyun vaxtı "Kəpəz" azarkeşləri olan tərəfə getdiniz. Nəsə baş vermişdi, yoxsa...?

- Yox, sadəcə, şirin dialoq idi. Başqa nə ola bilərdi? Bu, normal bir şeydir. Onlar da bizim fanatlarımızdır. Başqa nə ola bilərdi ki? Belə deyək də... Bir az dodağımın altında danışıram, elə bilirlər onları söyürəm. Amma hamınız bilirsiniz ki, ya dua edirik, ya da nə isə... İçərilərində tanıdıqlarım var idi.