"20 Yanvar faciəsinə kimi küçələrdə Sovet əsgərlərini görüb onlara bulka paylayırdıq. Beynimizdə onların xilasedici obrazı var idi.

Keçmiş deputat, psixologiya elmləri üzrə fəlsəfə doktoru Gülər Əhmədova 20 yanvar faciəsi günü ailəsi və özünün başına gələn olaylar bardə unikal.org-a danışıb.

-Gülər xanım 20 yanvar günündə gördükləriniz və yaşadıqlarınız barədə danışardınız...

-Artıq 27 ildir ki, mən bu gecəni yata bilmirəm. Bəzən dərman içmişəm ki, səhərə qədər ayılmayım. Həmin gecə həyat yoldaşım dostları ilə birgə şəhərdə idi. O zaman "Gənclik tərəfdə yaşayırdıq. Balkonumuz düz Ayna Sultanovaya baxırdı. Hava hələ qaralmamışdı. Bir necə avtobus gəlib yolu bağladı. Qonşuluqda yaşayan gənclər həyətdə idilər. Həyacan, qarışıqlıq bir az qorxu olsa da, yüksək ruh yüksəkliyi hiss olunurdu. Əsgərləri küçələrdə görəndə rahat münasibət qururduq, hətta rus "soldatlarına bulka da alıb veriridik. Beynimizdə Sovet əsgərinin xilasedici obrazı var idi. Nə biləydik ki,... Bir az sadəlöv, bir az romantik, bir az da xoşbəxt idik. Düşünürdük ki, bu "soldatlar bizimdir və pis heç nə ola bilməz. Axı bu faşizmi edən Sovet ordusu idi. O zaman balkonlarımız demək olar ki, bitişik idi. Qonşuluqda qocaman hərbçi ailəsi yaşayırdı. Tez-tez balkona çıxdığımı görüb nigaran şəkildə yoldaşımı gözlədiyimə şahidlik edirdilər. Gec idi. Yoldaşım pis halda evə qayıtdı. Dedi yaralananlar var. Bir neçəsini xəstəxanaya çatdırdıqlarını bildirdi. Hiss edirdim, məni qorxutmamaq üçün çox şey danışmır. Birdən tankların uğultusu aləmi bürüdü.

-O zaman hansı hisləri keçirdiniz?

-Tanklar avtobusları konserva qabı kimi əzirdilər. Yadıma gələn odur ki, sovet ordusunun əsgərlərinin atdığı güllələrdən qorumaq üçün yoldaşım məni balkondan yerə yıxdı. Heç nə başa düşməmişdim. Məni yıxdığı ücün əsəbiləşdim. Birdən məni onda balkondan otağa sürüdüyünü hiss etdim. İçəri girən kimi oğlumu qucağıma aldım. Dəhşətli soyuq idi. Özümü itirmişdim. Ayıldım ki, qonşumuz ağbircək hərbçi xanımı mənə təsəlli verərək su içirir. Oğlum sətəlcəm olmuşdu. Ağlamaq istəyirdim amma bacarmırdım.

-Hadisələrin səhərini necə xatırlayırsınız?

-Səhərə yaxın anamla rəhmətlik atam uşağa görə bizə gəldilər. Yolda iki dəfə üstlərinə silah çəkmişdilər. Atam rus dilini yaxşı bilirdi. Üstlərinə silah çəkən zaman "soldatlara nə isə demişdi. Bircə anam onu bildirdi ki, atamı güllələyəcəkdilər...

-Hadisələrlə bağlı başqa nə danışa bilərsiniz?

-Şeyxülislam Hacı Allahşükür Paşazadədən başqa kimsənin Azərbaycanda nəisə etdiyini xatırlamıram. Həmin gün hər kəs ondan danışırdı. Şeyx o gündən sonra bu xalq üçün heç nə etməsəydi belə, həmin tarixdəki fəaliyyəti kifayət edir ki, bu insan tarixdə qalsın. Bəli, O, yeddi arxa dönəninə rəhmət qazandı. Bu millətin dini liderinin olması tarixə yazıldı. Mənim ona olan hörmətim, minnətdarlıq hissim o gündən dəyişməyib. Həmin vaxt "Heydər Əliyev gəlməsə bu işlər olmayacaq - deyirdilər. Amma nə xalqın ona, nə də H.Əliyevin xalqa əli çatıdrı. Yanvarın 21-i Heyər Əliyevin mətbuat konfransı haqqında xəbər yayıldı. Hər kəs çox sevinirdi.