Şəhla İmanzadəni Qaraçuxur qəsəbəsində, demək olar ki, hamı tanıyır. 10 ildən artıqdır, Bakıda dülgərliklə məşğul olan bu xanım istənilən modeldə mebeli, qapı-pəncərəni, pilləkənləri yığır da, rəngləyir də. Uşaqlıqdan kişi işlərinə marağı olduğundan, atasının əlinə baxa-baxa bu çətin sənətin sirlərinə yiyələnib. Əksər qadınlar kimi zərif və "nərmənazik deyil, amma kobud barmaqlarını, qabarlı əllərini gizlətməyə də çalışmır. Bu gün həm də onun bayramıdır. Virtualaz.org 8 Mart - Beynəlxalq Qadınlar Günündə dülgər xanımla söhbətləşib.

 

"Atamdan xəlvət dəzgahda işləməyə başladım...



"Biləsuvarda doğulmuşam, uşaqlıqdan kişi işlərini sevirdim. Atam ədəbiyyat müəllimi idi, amma həm də gözəl əl qabiliyyəti var idi. Özü ev tikər, bənnalıq edər, qapı-pəncərəsini düzəldər, hətta içərisindəki mebelə qədər yığardı. Həmişə də maraqla onun əlinə, dəzgahda işləməsinə baxardım. Təxminən 10 yaşımdan atamdan xəlvət dəzgahda işləməyə başladım. O, dəzgahı söndürüb getmişdi, yerinə keçdim və məşq etməyə başladım. Atam məni işləməyə qoymurdu, çünki dəzgahlar çox təhlükəli idi, barmaqlarımı, hətta qollarımı itirə bilərdim. Amma uşaq idim, məsuliyyəti başa düşmürdüm, - deyə həmsöhbətim sözə başlayır.

Deyir işə necə xəlvət başlayıbsa, atası bundan bir də illər sonra, ailə qurandan, dülgər kimi çalışmağa başlayandan sonra xəbər tutub. On yaşından isə özü üçün kiçik stullar düzəltməyə başlayıb.

Artıq 10 ildir ki, peşəkar dülgərdir. Ailə qurub Bakıya köçəndən sonra sevimli məşğuliyyətinin dalınca getməyə qərar verib və bundan heç peşman olmayıb:



"Dülgərlik mənə çətin gəlmirdi, əksinə çox asan gəlirdi. Ailə qurandan sonra Bakıya gəldik və kirayədə yaşamağa başladıq. Həyat yoldaşımın da dülgər işləməyimə heç bir narazılığı olmadı deyə işə başladım. O özü də dəmir sexində işləyir. İki uşağımız var, 8 və 6-cı siniflərdə oxuyurlar. Amma məndən fərqli olaraq, onların dülgər sənətinə maraqları yoxdur. Arzum var ki, ikisi də polis olsunlar.

- Bəs niyə polis?

- İstəyirəm ki, qayda-qanunu bilsinlər. Bilmirəm, nəsə bu peşə xoşuma gəlir. Sürücülər qaydanı pozanda onları saxlayırlar. Düzdür, işimi sevirəm, heç bir narazılığım yoxdur, amma istəmirəm ki, uşaqlarım mənim kimi əziyyət çəksinlər. Çünki dülgər sənəti çox çətin sənətdir.

 

Gündə 12 saat iş, bəzən işdə gecələmə



Şəhla xanım deyir ki, əvvəllər qazancı yaxşı olsa da, son vaxtlar devalvasiya və qiymətlərdəki bahalaşma məvacibinə təsir edib. Modelindən və materialından asılı olaraq, ən ucuz qapını 200 manata düzəldir. Ötən illərdə ayda 500-800 manat qazanırdısa, indi ancaq çörək puluna işləyir. Günə 10, ən çox isə 20 manat. Amma bu qazanc da ona rahat başa gəlmir. Yəni 10-20 manatı əldə etmək üçün bəzən səhərdən axşama kimi işləməli olur, bəzən isə ümumiyyətlə işdə gecələyir:



"Səhər saat 10:00-dan axşam saat 10:00-a kimi işləyirəm. Bəzən isə olur ki, sifarişi təhvil verməliyəm, amma hazır olmayıb. Onu yarımçıq qoyub evə gedə bilmirəm. Səhərə qədər yatmayıb işi tamamlamaq üçün gecəni iş yerində keçirirəm. Amma işimin çətinliyi ilə bərabər, evimin işini də çatdırıram, çünki evdə yeməyi bişirəcək, paltarı yuyacaq başqa adam yoxdur.

Həmsöhbətimin əsas müştəriləri onu tanıyanlar, yəni işinə bələd olanlardır. Amma təsadüfən sexin yanından keçənlər də bura təşrif buyuraraq sifariş edə bilirlər. Tanıyanlar kişi ustalardan çox məhz qadın zərifliyinə görə onun işinə üstünlük verirlər. Şəhla xanım deyir ki, bəzən düzəltdiyi işə o qədər vurulur ki, onu satmaq istəmir:

"Hərdən olur ki, əl işimi satmaq istəmirəm. Bir dəfə bir köhnə şkaf gətirmişdilər. Onu təmir elədim, qırılmış qapısını düzəltdim, üstünü rənglədim. Elə gözəl oldu ki, iki göz istəyirdi tamaşa eləsin. İşimə o qədər valeh oldum ki, onu sahibinə verməyə qısqanırdım. Amma nə etmək olar, başqasına məxsus olan əşyanı götürə bilməzdim...



Məmurun qapısı və 300 dollar şirinlik

Şəhla xanım deyir ki, çoxlu tanınmış adamların qapı-pəncərəsini düzədlib. Onlar arasında Ali Məhkəmənin, Daxili işlər Nazirliyinin və digər çox vəzifəli əməkdaşların adı var.

"Tanınmış bir məmurun bağ evinin qapılarını və pilləkənini mən rəngləmişəm, başqa sexdə yığılmışdı. Nəvəsi ilə gəlmişdi, məni görəndə təəccübləndilər. İşimi bəyəndilər və mənə 300 dollar şirinlik verdilər.

Dülgər xanım deyir ki, bəzən müştəriləri ilə aralarında narazılıq yaransa da, "müştəri həmişə haqlıdır prinsipini üstün tutduğundan, çox da dərinə getmir. Onun sözlərinə görə, adətən, belələri davaya hazırlıqlı gəlirlər və əl işində nöqsan axtarırlar. Amma onlara bu qapını ömrünün axırına kimi işlədilməyəcəyini izah edəndə çox vaxt səhvləri ilə razılaşırlar.

 

"Çox vaxt məni kişi bilirlər

Şəhla xanım deyir ki, dülgər kimi çalışdığı müddətdə başına çox maraqlı hadisələr gəlib. Ən gülməli məqamlar isə bir çox müştərilərin onu kişi hesab etməsi ilə bağlıdır. Saçını taxta yonarkən çıxan tozdan qorumaq üçün başına örtdüyü papaq və əynindəki geyim çox vaxt gələnləri çaşdırır. Həm də heç kim bu işdə qadının işlədiyini güman etmədiyindən, çox vaxt ona "qardaş deyə müraciət edirlər:



"Çox vaxt gələn müştərilər məni kişi bilirlər. Neçə dəfə olub ki, mənə "qardaş deyə müraciət ediblər. Birdən geri çevriləndə təəccüblənirlər: "siz xanımsınız? Bəzən də hansısa işlə bağlı zəng edirlər. Ölçmə üçün evə getməli oluruq. Məni görəndə inana bilmirlər ki, mən pilləkən və ya mebel düzəldə bilərəm. Təkrar-təkrar işin öhdəsindən gələ biləcəyimi soruşurlar. Qadın olduğuma görə sanki işi etibar eləmirlər. Amma düzəldəndən sonra da çox razı qalırlar. Çox vaxt belə müştərilərim yanıma qohumlarını göndərirlər.

Söhbət zamanı o da məlum oldu ki, Şəhla xanım heç də nəsildə yeganə qadın dülgər deyilmiş. Bu işlə ondan başqa iki bibisi də məşğul olurmuş.



"Bibilərim də ustadırlar. Həm də biri fizika, o biri coğrafiya müəlliməsidir. Amma mən onlardan fərqli olaraq, ali təhsil almadım. Orta məktəbi bitirəndən sonra musiqi ilə maraqlanmağa başladım, hətta o vaxt toylara gedib sintezatorda ifa edirdim. İndi də vaxtım olanda bu musiqi alətində ifa edirəm.

Dülgərin ən böyük arzusunu da soruşduq. Əslində, qeyri-adi cavab almadıq. O da bütün evsizlər kimi mənzil sahibi olmağı həyatının ən böyük arzusu sayırdı. Həm də istədiyi odur ki, öz evinin bütün dülgər işləri öz əlindən çıxsın.