"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına ötən həftə 20 yaşlı qız gətirildi. Nimdaş geyimli qız günlərlə küçələrdə gecələdiyini deyirdi. Əvvəlcə elan verildi, qızın yaxınları, ailəsi axtarıldı. Amma bəlli oldu ki, parklarda, zirzəmilərdə gecələyən qıza sahib duran yoxdur. Səbəb isə onun narkoman olmasıdır.

Unikal.org xəbər verir ki, bu barədə virtualaz.org-a təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib. M.Zeynalovanın sözlərinə görə, Nəsibə Məmmədovanın (hazırda araşdırma getdiyindən, qızın adı M.Zeynalovanın istəyi ilə dəyişdirilib) valideynləri boşanıb. Atası qızı internata yerləşdirib. "1997-ci il təvəllüdlü Nəsibə 4 yaşında atası tərəfindən internata yerləşdirilib. 10 il internatda yaşayıb", - M.Zeynalova deyib.


Nəsibə 16 yaşından sonra internatdan çıxıb. Beləliklə, yenidən atasının yanına qayıdıb. "Mən internatda, atamın yanında nələr görmədim. Analığım mənimlə yaxşı rəftar etməyə çalışırdı, amma evin bütün yükü mənim üzərimə düşmüşdü. İnternatdan sonra mənə yadlaşan atam və başqalarının yanında mənimlə yaxşı rəftar etməyə çalışan analığımla birlikdə yaşamaq çətin idi", - Nəsibə başına gələnləri danışır.

16 yaşında yenicə tanış olduğu oğlanla qoşulub qaçıb. "Onu sevmirdim, sadəcə olaraq, öz ailəm olacağını düşünürdüm. Amma onun da atamdan fərqi olmadı. Hamilə qalandan sonra məni tərk etdi. Gördüyüm fiziki şiddətlərdən sonra məni xəstəxanaya apardılar, uşaq ölmüşdü. Oğlan xəstəxanaya gəlmədi, sonradan məni axtarmadı. Yenidən ata evinə qayıtdım. Bu dəfə tənə yeri olan yeni həyat hekayəm vardı", - Nəsibə sığınacaq əməkdaşlarına danışır.


Bu dəfə analığı onunla yaşamaq istəmədiyini deyir. Evin bütün işlərini görəcəyini, gecə-gündüz çalışacağını deyir. "Qarın dolusu çörək, yatmağa yer istəyirdim. Amma onu da mənə çox gördülər. Çıxarkən atamdan tək onu soruşdum, bu neçə illər mənə və bacıma niyə sahib çıxmadın, bir gün olsun belə atalıq etmədin", - Nəsibə gözyaşları içərisində söyləyir.

Mehriban xanım isə deyir ki, Nəsibə 17 yaşında Bakıya gəlib. Maşınyuma məntəqəsində maşın yuyub, Bakı kəndlərinə gedən avtobusda konduktorluq edib. Sonra kirayə ev tutaraq bacısı ilə birgə yaşayıb. "Qızın şiddətli ağrıları vardı. Sığınacağa gələn kimi həkim müayinəsindən keçirdik. Bəlli oldu ki, pnevmoniyası var. Buna görə də, Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirdik. Qız psixotrop dərmanlara aludə olub", - M.Zeynalova deyib.


Nəsibə izahatında yazıb ki, Nəriman Nərimanov heykəlinin yanında kirayə ev tutub və yaxınlıqlıqda yaşayan bir neçə qızla tanış olub. Qızlar ona narkotik effektli dərman təklif ediblər. Nəsibə deyib ki, "dərman" axtaran bütün qızlar Nərimanov heykəlinin yanında toplaşıblar. "Təşkilatımıza küçədə qalan qız haqqında məlumat verilmişdi. Bizim əməkdaşlar onu sığınacağa gətirdilər. Qızın dərmana asılılığı nəzərə alınaraq, onu ruhi-psixi dispanserə yerləşdirdilər. Uzun müddət orada müalicə almalıdır. Araşdırmalarımız zamanı bəlli oldu ki, atası və analığı ona bir neçə dəfə pul göndərib. Özü də kafelərdə, sexlərdə fəhlə kimi çalışıb. Qazandığı pullarını narkotikə xərcləyib. Təşkilatımız onun müalicəsinə nəzarət edəcək", - M.Zeynalova əlavə edib.

Qeyd edək ki, son illər narkoman qadınların sayı artıb. Ötən il 612 qadın narkotik istifadəçisi rəsmi qeydiyyata alınıb. Bu isə 2015-ci ilin göstəricisindən çoxdur. M.Zeynalova hesab edir ki, narkoman qadınların sayı rəsmi qeydiyyata alınanlardan daha çoxdur. Rəsmi məlumatlarda o da qeyd olunur ki, qeydiyyatda olanların əksəriyyəti 25-40 yaşlılardır.

"Nəsibə tək deyil, onun kimilər çoxdur. Dağılmış ailələrdə ən çox ziyan uşaqlara dəyir. Kişilərə nisbətən qadınlar narkotikdən daha tez asılı vəziyyətə düşürlər. Narkotik isə zəif cinsin nümayəndələrinin həm də psixologiyasına mənfi təsir göstərir", - təşkilat sədri valideylərə xəbərdarlıq edib.