Türkiyənin 2008-2012-ci illərdə Azərbaycandakı səfiri olmuş Hulusi Kılıç Unikal.org-a müsahibə verib. Hazırda Türkiyənin Moldovada səfiri vəzifəsində çalışan Hulusi bəy müsahibəsində ölkəmizlə bağlı aktual mövzular ətrafında və Azərbaycandakı nazir dostları barədə danışıb.

-Cənab səfir, Siz diplomat olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumda həllini nədə görürsünüz?

-Dağlıq Qarabağ probleminin həllinin bu qədər uzanması bizi də çox narahat edir.
BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamə var və bu qətnaməyə əsasən Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd şərtsiz dərhal tərk etməlidir. Biz də qısa zamanda bu problemin həll olunmasını gözləyirik. ATƏT üçlüyü dediyimiz həmsədr ölkəər- Rusiya, Fransa və Amerika bu problemin həll olunması üçün səylərini daha da artırmalıdır. Lakin onlar da çox vaxt itirir. Bölgədə barışın, hüzurun və iqtisadi inkişafın olması üçün bu işğala dərhal son qoyulması lazımdır. Beynəlxalq təşkilatlar problemin həllində öz fəallıqlarını artırmalıdırlar.
Yoxsa, bu problemin həlli uzadıqca uzanacaq. Dağlıq Qarabağ və ətrafındakı rayonların işğalının davam etməsi bölgəmizdə barışı, hüzuru və iqtisadi inkişafı da ciddi təhdid edir. Biz Azərbaycan torpaqlarının boşaldılmasını və barışın olmasını istəyirik. Bölgədəki işğala son oyulduğu təqdirdə Ermənistan da iqtisadi inkişafını artıra bilər.

-ATƏT-in Minsk qrupuna 3 ölkə daxildir. Türkiyənin də həmsədr ölkə olacağı ilə bağlı fikirlər səsləndirilir. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?



-ATƏT-in üzvləri arasında Türkiyə, Almaniya kimi böyük dövlətlər var. Lakin bu məsələnin birbaşa həlli istiqamətində 3 ölkə işləyir. Əlbəttə ki Türkiyənin də bu üçlüyə daxil olmasını və torpaqlarımızın qısa zamanda işğaldan azad edilməsini istərdik. Türkiyə dövləti qatıldığı hər platformada Azərbaycanın haqlı səsini beynəlxalq arenaya çatdırır və bu işğal davam etdiyi müddətdə belə də olacaq.

-Azərbaycanda prezident İlham Əliyev tərəfindən dövlət medalı ilə təltif edilən tək diplomatsınız...

-Cənab İlham Əliyevin verdiyi medal məni hər zaman xoşbəxt etmişdir. Bu medalla birlikdə üzərimdə böyük bir məsuliyyət də daşıyıram. Bu medalı almadan öncə medal alacağımı bilmədən fəaliyyət göstərirdim. Amma bu medalı aldıqdan sonra üzərimə düşən öhdəliyin və məsuliyyətin daha da artdığını hiss etdim. Mən hazırda Türkiyənin Moldovadakı səfiriyəm. Amma orada özümü eyni zamanda Azərbaycanın bir səfiri kimi görürəm. Moldovadakı Azərbaycan səfirliyi ilə birlikdə qeyd ediləsi və anılası günlərimizi birlikdə təşkil edirik. Gücümüzü birləşdiririk və bunu orada hər kəsə göstəririk. Artıq bundan sonra mən həyatımın sonuna qədər Azərbaycanın könüllü səfiri kimi fəaliyyətimə davam edəcəm.

-Artıq bir neçə ildir ki ,Azərbaycanda səfir olaraq missiyasınız başa çatıb və Siz Moldovada işləyirsiniz. Ölkəmizdə hələ də yaxından əlaqə saxladığınız dostlarınız varmı? Onlarla görüşləriniz davam edirmi?

-Əlbəttə, Azərbaycandakı dostlarımla zaman-zaman görüşürəm. Bunlardan Müdafiə Nazirimiz Zakir Həsənov, Fövqaladə Hallar Nazirimiz Kəmaləddin Heydərov, YAP-ın icra katibi Əli Əhmədov, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov kimi bir çox dostlarımla sıx-sıx əlaqədəyik və münasibətlərimiz bu gün də davam etməkdədir.
Mənim iki vətənim var. Biri Azərbaycandır digəri isə Türkiyə.

Anar Əsədov
Türkiy-İstanbul
Xüsusi olaraq Unikal.org üçün