İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Unikal.org-un əməkdaşı elə bu məqsədlə Azərbaycan Taekvondo Federasiyasının uşaqlar üçün nəzərədə tutulan idman zalına olub.

Zaldakı balaca idmançılar öz bacarıqlarını nümayiş etdiriblər. Onların arasında ayrıseçkilik etmək düzgün olmaz. Ancaq çevik hərəkətləri ilə diqqətimizi cəlb edən balaca Ömər oldu.



Onun uşaqlar günündə öz həmyaşıdlarına idmanla bağlı tövsiyyələrini öyrəndik. Ömər öncə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə həmyaşıdlarını təbrik etdi və onları sağlam yaşamaları üçün idmanla məşğul olmağa çağırdı:

"Yaşımın az olmasına baxmayaraq böyüklərin edə biləcəyi idman hərəkətlərini mən də edirəm. "Şpaqat açır, Burus-Li kimi dubinka oynada bilirəm. Özümü sağlam və gümrah hiss edirəm. Dərslərimlə məşğul olur, daha sonra idmana gəlirəm. Burada həm məşq yoldaşlarımla söhbət edir, həm də onlarla birgə idmanla məşğul oluram. İdmana həvəsim 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarından sonra daha da artıb. Bu il Bakıda keçirilən "İslam Oyunlarına da baxdım və gələcəkdə arzum ölkəmizin bayrağını bütün dünyada dalğalandırmaqdır. Məqsədim taekvondo üzrə Dünya, Avropa, Olimpiyadalarında birincilik əldə etməkdir. Bunun üçün Sadiq müəllimim mənə yaxından köməklik göstərir və əminəm ki, öz arzu və istəyimə çatacağam. Bütün uşaqları məqsədlərinə çatmaq üçün mübariz olmağa dəvət edirəm.



Balaca Ömər döyüş filimlərinə baxdığını da deyir: "Əsasən Burus-Li kimi gələcəkdə məşhur idmançı olmaq arzusundayam. İstəyirəm məni azərbaycanlı Burus-Li kimi tanısınlar. Həmçinin məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədovun da döyüşlərinə baxıram. Bir sözlə, gələcəkdə özümə güvənərək Azərbaycanının adını yüksəklərdə tutacağıma əminəm.