"6 yaşdan idmanla məşğulam. Cüdo və sambo ilə başlamışam. Yadımdadır ki, formam olmadığı üçün məşqçi məni zalı buraxmamışdı, ağlamışdım. Həmin vaxt qardaşım mənə kimano almışdı. 7-ci sinfdən sonra qısa müddət güləşlə məşğul oldum. Daha sonra böyük qardaşım sayəsində Konfu-Sanda növüylə tanış oldum. Qardaşım hazırda məşqçiliyi buraxıb. Vaxtılə tanınan idmançılardan idi. İndi onu qayıtması üçün ruhlandırmaq istəyirəm. Sonra karate, kikboks, boksla davam etdim.

Bunları Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti, keçmiş idmançı Güloğlan Cabbarov Unikal.org-a müsahibəsi zamanı deyib:

- Güloğlan müəllim, küçə davasında çox olmusuz?

- Həyatımda həddən artıq küçə davası olub. Ömrümün çox hissəsi küçə davalarında keçib. Amma övladımı o yola getməsinə icazə vermərəm. Əslində, bizim vaxtımızda vardı dava-dalaş etmək, indi o zəmanə deyil.

- Bu gün də yaşı 40-ı keçsə də, davaya meyilli şəxslər az deyil. Bəs siz?

- Arada maşınla biri qarşımdan çıxanda istəyirəm saxlayım. Deyirəm, əşi bunu nə döyərəm. Sonra öz-özümə deyirəm "yox e uşaq deyilsən.

- Maddi durumunuzu nəylə təmin edirsiniz?

- Türkiyə ilə Sədərək körpüsündə Naxçıvan qapısı var. Hələ 18 yaşım olanda o körpü ilə Türkiyədən mal vurmaq üçün 4-5 dənə avtobuslarım vardı. Soruşarsız ki, 18 yaşda necə əldə etmisiz o maşınları? Təbii ki, bu da qardaşımdan qaynaqlanmışdı. Onun köməkliyi vardı. O vaxtdan biznesin içindəyəm. Həm döyüşürdüm, həm də bizneslə məşğul idim. Yəni, bir tərəfimiz həmişə biznesə bağlı olub. Vaxtı ilə Rusiyadan başqa şeylər də vurmuşuq. Bu gün də həmin biznesim davam edir. Ayrı-ayrı biznes sahərim də var.

- Hansısa yaxınınız üçün davaya, kimisə döyməyə getmisiz?

- Bəli olmuşam. Amma heç bir maddiyyata ehtiyacım olmayıb. Pul söhbətinə görə yox... Sırf dostum, yaxınım üçün getmişəm. Bilirlər idmançıyam, yaxınlaşıblar ki, "filankəs məni əzir, incidir. Gücündən istifadə edib, pulumu alır, vermir. Hər zaman böyüklərdən bir şey eşitmişəm, "Zalımın yox, məzlumun yanında yer al deyib.

Əgər küçədə 10 nəfər toplaşıb bir nəfəri döyürsə, mən özümdən aslı olmayaraq 1 nəfərin yanında oluram.

- Yəqin ki, kimisə döyməyiniz, sıxışdırmağınız üçün pul da təklif edənlər olunub?

- Olub, təklif ediblər. Amma mən qəbul etməmişəm. Etmərəm də.... Mənə yaraşmaz.

- Döyüş idmanlarıyla məşğul olan biri futbola ("NeftçiFK-ya) necə gəlmişdi?

- BDU-nun Hüquq Fakultəsini bitirmişəm. Hazırkı "NeftçiİSM-in rəhbəri Sadıq Sadıqovla çoxdan dostuq. 20 ildən çox onunla dostluğumuz var, ailəvi yaxınıq. Sadıq müəllim mənim "Neftçidə hüquqşunas kimi işləməyimi istədi. 2008-ci ildə Kikboks Federasiyasına vitse-prezident, 2010-cu ildən isə "Neftçinin hüquq şöbəsinə rəhbər təyin olunmuşam.

- Bir vaxtlar azərbaycanlı kikboksçuları federasiyanı tərk edib, başqa ölkələrdə çıxış etməyə başladı. Deyəsən, iciyib gedirdilər?

- Bizim federasiyada maaşlı bir iş yoxdur. Kikboks Federasiyasının özü-özünü dolandırır.

- Necə edir?

- Adil Əliyevin gücü ilə, bizim gücümüzlə, dostların köməyi ilə... Dostlarımız, tanışlar sağ olsun ki, biz müraciət edirik, onlar bizim bəzi yarışlarımıza sponsorluq edirlər. Əsasən də millət vəkili Adil Əliyevin böyük əməyi var ki, bu gün federasiyamız ayaqdadır, olimpiya idman növləriylə bərabər gücdədir.

- Rüşvət almısızmı? Yəni idman cameəsində bəzi şeyləri görməzdən gəlməniz üçün...

- Təklif olunub, amma qəbul etməmişəm. "Neftçidə belə hal olub. Kikboksda mümkün deyil, kim güclüdür, o da qalib olur. Hətta prezident aparatından mənə yaxınlaşıblar ki, mənim övladıma kömək et, hörmət olacaq. Demişəm heç vaxt, mən elə iş tutsam, burada bir dəqiqə də oturmaram.

Futbolçularla bağlı isə hər bir təklif gəlib. "Komandaya futbolçu götür, filankəsə denən. Sən isətəsən edərsən. Təbii ki, bütün bunlar üçün böyük məbləğdə pul təklif ediblər. Ancaq heç vaxt qəbul etməmişəm.

- Öz imkanınız deyə qəbul etməmisiz yəqin?

- "Neftçinin rəhbəri Sadıq Sadıqov insan kimi insan, kişi kimi kişidir. Bu gün Sadıq müəllimə sual versəz ki, "Sadıq müəllim Güloğlanın başına iş gəlsə, nə edərsiz? O, bir kəlim deyər ki, "Lazım olsa, evmi də sataram Güloğlan üçün. Yəni, o dərəcədə dəyərli insandır. Əgər ehtiyacım olsa idi, Sadıq müəlllimə yaxınlaşsaydım, o imkan daxilində heç vaxt məni yarı yolda buraxmazdı. Necə o kişiyə xəyanət edə bilərik?

- Sadıq Sadıqovu hər zaman müdafiə edirsiz. Bu, dostuq naminədir ya başqa səbəblər də var? Rəsul Çunayevin "Neftçi İSM-lə bağlı şikayətindən sonra da Sadıqovun tərəfindən çıxış etdiniz.

- Təbii ki, dostluq naminədir. Bizim münasibətimiz dostluq üstündə qurulub. Başqa dostlarım var ki, onlar haqqında da mənfi fikir səsələndirsələr cavablarını verərəm. Həm özüm də bu məsələlərin içərisindəyəm.

Çunayevin özü də sonradan sosial şəbəkədə yazdı ki "Sadıq müəllim bizim böyük qardaşımızıdır. Təbii ki, o idmançıdır, istəyir klub ona daha çox qayğı göstərsin.

- Siqaret, Qəlyan ... Bunlardan istfadə edirsiz?

- Xeyr.Ümumiyyətlə, ömrümdə nə siqaret çəkməmişəm, nə də içki içmişəm. Sırf idmana görə deyil. Elə idmançı var ki, idman edə-edə siqaret də çəkir, içki də içir, qəlyan da çəkirlər. Mən heç bir vasitədən istifadə etməmişəm. Həm ibadət də edirəm... Əslində qəlyan da çəkə bilmirəm.

- Bəzi idmançılar var şəxsi bizneslərinin olmasına baxmayaraq gizlədirlər. Sizcə, niyə?

- Deyirlər, kimlərsə borca gələrlər, yəqin, ona görə açıqlamaq istəmirlər (gülür)

- Köməklik etdiyiniz üçün peşmançılıq çəkdiyiniz adamlar olub?

- Bir söz var, yaxşılıq et, dənizə at, balıq bilməsə də, xalıq biləcək. O anlayışla insanlara köməklik eləmişəm. Halal xoşları olsun. Elələri də var ki, çörəkləri dizlərinin üstündədir. Onları da Allaha həvalə etmişəm.

- "Youtubeda "qanununi-oğrularla bağlı video var. O video-rolikdə bir nəfərlə sizin də şəkliniz var.

- Orada olan oğlan, rəhmətlik mənim dostum olub. Onun kriminal aləmdə adı hallanıb. Kriminal aləmdə olan bəziləri var ki, onlarn çoxu bizimlə bir yerdə məşq ediblər, bizimlə birlikdə bayraq qaldırıblar. Şəkildə yanımda olan rəhmətlik Ramal Bayramov özü də Azərbaycan çempionatında və bir çox beynəlxalq turnirlərdə qalib olub.

Dünən bizimlə məşq edən, çiyin-çiyinə döyüşən idmançılar - boksçular, kikboksçular, güləşçilər idmanı bitirən kimi vurub-tutur. Qolunun gücünü göstərir.

Normal bir şeydir mənim kiminləsə şəklimin olması, yayılması. O aləmin mənə heç bir aidiyyatı yoxdur. Sadəcə, o oğlanla dostluğumuz olub.

Allaha şükürlər olsun ki, bu günə qədər mən evimə haram tikə aparmamışam. Oradan gələn nə olur olsun, haram sayıram. Haqqın yolu Allahın yoludur, cənab prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin yoludur. Mənim onlarla heç bir haqq-hesabım yoxdur. Mənim üçün ən əzizi bayrağımızın yüksəlməsi, himnimizi səslənməyidir.

- Şəxsi məşqçi kimi kimisə yetirmək fikriniz var?

- Mənim arzuladığım şərait olsa, niyə də yox. İnşallah planda var.

- Deyəsən, bahalı geyimlərə üstünlük verirsiniz. Ən çox da saatlara... Hədiyyə yox, özünüzün aldığınız ən bahalı saatınızın qiyməti nə qədərdir?

- Düzdür, brend geyimləri sevirəm. Ən çox "Armani firmasıdır. Harada olur olsun, "Armani dükanına mütləq girməliyəm. (gülür) Əslində, yaraşan nədir onu geyinirəm.

Amma aksesuar və ayaqqabı mütləq bahalı olmalıdır. Bir dənə ən baha saatım var. Qiymətini deməyim bəlkə? (gülür) 5000 min verib özümə o saatı almışam.

- Deyəsən, tez ailə qurmusuz. Çünki böyük övladınızın universitetə qəbul olduğunu sosial şəbəkə vasitəsilə bildirmişdiz.

- Bəli, 18-19 yaşım olardı ailə quranda.

- Əgər sizin üçün problem yaratmazsa, bir sual da verim. Sizi bir bəy olaraq bəyənib sosial şəbəklər vasitəsilə yazan xanımlar olub?

- (bir qədər fikrə getdi...)Olar ki, cavab verməyim?(gülür) Mənə çox adam deyir ki, dostluğunda qızlar çoxdur. Baxın, 20-yə yaxın mənim qurup yoldaşımdır. Jurnalist olan xanım dostlarımız, idmançı xanımlarımız var.

- Deyəsən, yoldaşınız qısqanclıq edir deyə, suala cavab verməkdən çəkindiz?

- Yox, elə bir "çepemiz yoxdur axı... (gülür) Yoldaşım da deyəndə göstərirəm ki, həmin şəxslər filankəsdir, filan yerdən tanışlardır.

Aygün İlqarqızı