Unikal.org-un müsahibi ilahiyyatçı-alim, məscid imamı Samid Quliyevdir. O, Bakı İslam Universitetinin məzunu, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Jurnalistlər Birliyinin üzvüdür.

-2016-cı ilin multikulturalizm, 2017-ci ilin isə həmrəylik dəyərlərini müsəlman aləminə təbliğ edən Azərbaycanda dini vəziyyət necə dəyərləndirilir?

-Bismilləhir-rahmənir-rahim. Multikulturalizm və həmrəylik İslamın müqəddəs kitabı olan Qurani-Kərimin əsas istiqamətlərindən biridir. Ölkəmizdə daim birgəyaşayış prinsipləri çox yüksək səviyyədə mövcud olmuş və tarixin heç bir dönəmində dinlərarası, məzhəblərarası və mədəniyyətlərarası qarşıdurma olmamışdır. Bu ənənə günümüzdə də aktuallığını itirməmişdir. Azərbaycanda multikulturalizm və həmrəylik sahəsində dinlərarası münasibətlərin tənzimlənməsində mühum işlər görülməkdədir. Multikulturalizm və həmrəylik dəyərlərinin dövlət səviyyəsində qeyd olunması bunun bariz nümunəsidir.

Bir çox ölkələrdə dini və milli zəminində yaşanan böhranlar fövqündə Azərbaycanda gerçək dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğunu olduqca böyük nailiyyət kimi göstərmək olar. Hər bir müstəqil dövlətin yütütdüyü siyasət, dövlət başçısının mövqeyi ilə sıx bağlı olan məqamdır. Müasir dünyamız üçün əhəmiyyət kəsb edən, ümumbəşəri mənafelərə xidmət edən multikulturalizm və İslam həmrəyliyi kimi qlobal ideyalar irəli sürən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin bu mənada aparıcı əhəmiyyətini xüsusi vurğulamq olar. Belə bir siyasətin dünya üçün, ərəb-islam aləm və siyasi xadimləri üçün gözəl örnəkdir. Ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu müdrik dövlət-din münasibətlərinin uğurla davam edən ölkədə bütün dinlərin nümayəndələrinə diqqət və qayğının hər zaman gündəmdə olması dini konfessiyalar, onların rəhbərləri arasında dostluq və qardaşlığın mövcud olması Azərbaycanda dini vəziyyətin hansı səviyyədə olmasını göstərir.

-Həmrəylik ilində görülən işlər qənaətbəxşdirmi?

-Artıq iki ilə yaxındır ki, Azərbaycanın ardıcıl olaraq dinlər və mədəniyyətlərarası dialoqa dair qlobal forumlara mütəmadi evsahibliyi etməsi, Multikulturalizm, ardınca İslam Həmrəyliyi illəri çərçivəsində dövlət tərəfindən habelə Qafqaz Müsəlmanları İdarəsinin ölkədə və xaricdə həyata keçirdiyi, keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər və beynəlxalq konfranslar cənab Prezidentin sərəncamının uğurla icra olunduğunu göstərir. Habelə dekabr ayında Bakıda keçiriləcək yüksək beynəlxalq forum nəzərdə tutulmuşdur. Bu cür tədbirlər təkcə xaricdə və paytaxt Bakıda deyil, ölkənin bütün bölgələrini də əhatə etmişdir. Təkcə Lənkəran şəhərində 20-yə yaxın elmi-praktiki konfrans, dini icmalar tərəfindən isə ardıcıl olaraq maarifləndirmə tədbirləri keçirilmişdir.

Qarşıdan "Vəhdət Həftəsi gəlir. İslam Peyğəmbərinin dünyaya gəldiyi ayda həmrəyliyə nə qədər ehtiyacımız var?

Çağdaş dövrümüzdə müsəlmanların bir çox beynəlxalq siyasi problemlərlə üzləşdiyi zamanda islam məzhəbləri arasında vəhdətin formalaşması vacib məsələlərdən biridir. Qurani-Kərimdə vəhdət və müsəlmanların həmrəyliyi İlahi nemət olaraq qiymətləndirilmişdir. Belə ki, Allah tərəfindən Ali-İmran surəsinin 103-cü ayəsində "Hamılıqla Allahın ipindən möhkəm yapışın və bir-birinizdən ayrılmayın... tövsiyyəsi diqqəti cəlb edir. Ayədə keçən "Allahın ipi dedikdə Quran, Peyğəmbər və Əhli-Beyt başa düşülür. İslam peyğəmbəri və onun ailə üzvləri daim müsəlmanları birlik və bərabərliyə səsləmişdir. Hətta bu barədə Ənam surəsinin 159-cu ayəsində "(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. ..! fikri də qeyd olunmuşdur.
Göründüyü kimi ayə və hədislər daim müsəlmanları birliyə, bərabərliyə dəvət etmiş, fitnə və parçalanmalardan çəkindirmişdir. Hər birimizə nümunə olan İslam peyğəmbərinin doğum həftəsi ərəfəsində, həmçinin ölkəmizdə elan olunan İslam həmrəyliyi ilində bu məsələni diqqətdə saxlamaq, təbliğ etmək ən mühum məsələdir.
Mən belə hesab edirəm ki, "Vəhdət həftəsi" İslam dünyasının həmrəyliyinə ən böyük töhfədir. Çünki İslam peyğəmbəri bütün məzhəbləri birləşdirə biləcək qüvvədir. Allahın izni ilə müsəlman ölkələrinin qarşıdakı illərdə əlaqələrinin güclənməsinin şahidi olacağıq. Müsəlman dünyasının müasir dövrdə həmrəyliyə böyük ehtiyacı vardır.

-Bəzən KİV-də inanclı insanların hissiyatına toxuna biləcək fikirlər səsləndirilir. Hətta siz özünüz də Elşad Mirinin "Quran müqəddəs deyil fikrinə facebook səhifənizdə fikrinizi bildirmişdiniz. Ümumiyyətlə bu cür məsələlərə münasibətiniz necədir?

-Bu gün ölkəmizdə din-dövlət münasibətlərinin hansı səviyyədə olmasının şahidiyik. Dövlətin dinə olan dəstəyi, məscidlərin bərpası və tikintisi, dini icmalara ayrılan vəsaitlər və Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə atdığı addımlardan da göründüyü kimi günü-gündən Azərbaycanda dini sahədə uğurlar əldə edilir. Bəzi qüvvələr isə daim ölkədə hökm sürən siyasi və dini sabitliyi pozmaq üçün maliyələşdikləri təşkilatlar qarşısında götürdükləri öhdəliyi hər hansı yolla icra etmək istəyirlər. Əslində bu cür hərəkətlər yolverilməzdir. Mütləq olaraq ictimai qınağa səbəb olmalıdır.
Özünü cəmiyyətə "ilahiyyatçı kimi təqdim edənlər də bir çox məsələlərdə fəallığı ilə seçilirlər. Onlar dində olmayan fikirləri KİV vasitəsiylə yayımlayıb sanki şou yaratmaq fikrindədirlər. Özləri də yaxşı bilirlər ki, onların fikirləri cəmiyyətdə, xüsusən inanclı insanlar tərəfindən birmənalı qarşılanmaz. Ölkədə mövcud olan ənənəvi məzhəb daşıyıcılarının inancları qanunla tənzimlənir, onların hüquqları yüksək səviyyədə qorunur.
Elşad bəyi tanıdığım gündən onun cəmiyyətə fayda verə biləcək fikri ilə rastlaşmamışam. Daim qalmaqallı müzakirələrinin və inanclılarda qıcıq yarada biləcək fikirlərinin şahidi olmuşam. Əslində ilahiyyatçılar insanları düzgünlüyə, əxlaqa, doğru yola çəkməli, fəsad işlərdən, mübahisələrdən çəkindirməlidir.
Qeyd etdiklərim əgər hər hansısa bir şəxsdə yoxdursa, həmin şəxsi ilahiyyatçı adlandırmaq düzgün deyil. Ümumiyyətlə ilahiyyatçı sözü bir çox mənaları ifadə edir. Hər bir ilahiyyatçı əxlaq normalarına, milli-mənəvi dəyərlərə, dövlətin din siyasətinə diqqət etməlidir.

-Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında fərmanından sonra dini maariflənmə sahəsində canlanma müşahidə olundu. Fondun əsas istiqamətləri isə dini maarifləndirmə işinə hesablanmışdır. Sizcə Fondun fəaliyyəti hansı dəyişikliklərə səbəb olacaqdır?

-Adından da göründüyü kimi Fond mənəvi dəyərlərmizin qorunmasına və inkişafına hesablanmışdır. Tarixən mövcud olmuş zəngin mənəvi dəyərlərmizin, dini adət-ənənələrmizin, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin edən Fondun yaradılması tarixi nəaliyyətdir.
Fondun yaranması bir daha göstərir ki, Azərbaycan dövlətinin dinə, milli-mənəvi dəyərlərmizə daim qayğı və diqqəti vardır. Bundan sonra da Fondun ictimaiyyətə təqdim olunmuş Nizamnaməsindən də göründüyü kimi mənəvi dəyərlərmizin, dini maarifləndirmənin gənclərmizə təbliğ olunması daha da effektiv olacaqdır. Bu da onu göstərir ki, qanunsuz olaraq gənclər arasında yayılan qeyri-ənənəvi din və təriqətlər, radikal qruplara qoşulma halları kəskin azalacaqdır.

Müsahibəni apardı: Orxan Həsənli