Keçmiş boksçu Əli İsmayılovun yenidən rinqə qayıtma ehtimalı, məqsədi və yeni vəzifəsiylə bağlı danışıb. Unikal.org-a müsahibə verən peşəkar boksun tanınmış simanlarından olan Ə.İsmayılov bu növdə potensiallı idmançılar olmadığını deyib.

- Əli müəllim, iddiaya görə yeni vəzifəyə təyin olunmusunuz?

- Əslində bir müddətdir ki, boks üzrə gənclərdən ibarət milli komandada məşqçi olaraq fəaliyyət göstərirəm. Amma yeni vəzifəyə təyin olunmağımla bağlı federasiya daxilində iclas keçirilməsi barədə məlumatım yoxdur.

- Sizin dövrünüzdə Azərbaycanda peşəkar boksa maraq daha çox idi...

- Bizdə uşaqlar üzərilərində çalışmırlar. Ya qorxurlar, ya nədənsə çəkinirlər... Mənə elə gəlir ki, elə həvəskar boksdan peşəkar boksa keçməyə ehtiyyat edirlər. Başa düşürəm peşəkar boks daha çətindir. Amma o dərəcədə qorxmaq lazım deyil. Özlərini peşəkar boksda da yoxlamalıdırlar. Bundan əlavə də menecerlər, sponsorlar güclü olmalıdır. Peşəkar boks sırf böyük pullarla əlaqədardır. Mükafatlar olduğu kimi, xərclər də çoxdur. Bu da səbəb ola bilər.

Mən yeni başladığım vaxtlarda arxamda heç kim yox idi. Bir neçə döyüşdə qalib gələndən sonra böyük pramoturlar, sponsorlar özləri səni tapır və təkliflər verməyə başlayır.

- Peşəkar boksu yenidən Azərbaycanda necə canlandırmaq olar?

- Bu idman növündə canlanma lazımdır. Amma bugünkü dövrdə hamısı reklamla bağlıdır. Peşəkar boksun da əsasında reklam dayanır. Peşəkar boksda rekalam 6 ay əvvəldən başlayır.

- Reklam üçün hara müraciət olunmalıdır?

- Əlbəttə ki, televiziyalara... Amma təbii ki, bu idmanın inkişafı üçün böyük pullar lazımdır və reklamlar mütləqdir.

- Peşəkar boksun inkişafı üçün hansısa işlər görməyə çalışmısınızmı?

- Axı, indi elə adam yoxdur ki, ona görə çalışasan.

- Yəni, Azərbaycanda peşəkar boksçu yoxdur?

- Bəli, Azərbaycanda peşəkar boksçu yoxdur. Tanınmış, istedadlı boksçular olsa deyərsən ki, bəli buna görə çalışmağa dəyər. Bilərsən onlar nəticə verəcək, 3-5 ilə qədər tanınmış boksçuya çevrilə bilər. Amma kadr yoxdur.

- Hazırda Azərbaycanda peşəkar boksla məşğul olanların məşqlərini izləyib, nəzərdən keçirmisiniz?

- Əlbəttə... Hətta neçə dəfə təklif də vermişəm. Həm təcrübəli idmançı, həm qardaş kimi məsləhət görürəm ki, özünüzü sınaqdan keçirin. Can atın, risk edin. Elə bil bizdən sonrakı nəsil riskə getmək istəmir, ya can atmırlar... Dəqiq deyə bilmirəm. Onu vurğulayım ki, biz də peşəkar boksa böyük risklərlə başlamışıq.

- Peşəkar boksla bağlı aidiyyatı qurumlara müraciətiniz olub?

- Bildiyiniz kimi, Bakıda WBC konfransı keçirildi. Burada bir çox məşhur, peşəkar boksçular iştirak etdi. Orada da müzakirə olundu ki, peşəkar boksa təkan verilməlidir ki, dünya səviyyəsinə yüksəlsin.

- Peşəkar boksun yerli təşkilatı yaradılarsa, rəhbər olaraq təyin olunmaq istəyərsiniz? Belə bir fikrin olduğu da iddia edilir...

- Yalan deyərəm, bu barədə xəbərim yoxdur. Mən hazırda gənclərin milli komandasında öz işimi görürəm. Müqavilə bağlamışıq. Bizi qarşıda yenietmə və gənclərin olimpiadası gözləyir. Başda Vaqif Şirinov olmaqla, bu yarışa hazırlaşırıq. Baş məşqçinin köməkçiləri olaraq fəaliyyət göstərirəm.

Əgər siz dediyiniz kimi təklif olunarsa, öncə nəzərdən keçirirək. Görək necə qurumdur, hansı uğuru qazana bilərik... Bundan sonra bu barədə bir fikrə gəlmək olar.

İndi əsas məqsədim gənclərimizin olimpiya oyunlarından uğurlu nəticə qazanmasıdır. Bəlkə bizim indi hazırlaşdırdığımız gənclər gələcəkdə peşəkar boksda adlı-sanlı ulduza çevrildi?

Bizdəkilər orta səviyyəlidir. Hazırki boksçularımız dünya səviyyəsində ulduza çevrilə bilməzlər. Boksçuları həvəskar növdə yetişdirmək lazımdır. Sonradan peşəkar boksda davam etdirə bilərlər.

- Yenidən döyüşmək istəyərsinizmi?

- (gülür) İstəyərdim, amma yaş öz sözünü deyir, 43 yaşım var. Vaxtılə dünyaca məşhur Roy Cons da peşəkar boksa 43 yaşında qayıtdı 47-də yenidən bitirdi. Yəni dəyməz... Çünki biabırçılıqla uduzaraq nokauta düşməyə dəyməz.
Təbii ki, təkliflər çox olub. Amma özüm də hər şeyi götür qoy edirəm, düşünürəm ki təcrübəmi gənclərə ötürüm. Bunu özümüzə borc bilirik. Məqsədim ikinci Əli İsmayılovu yetişdirə bilməkdir. Bu zaman təsdiqləyərəm ki, idmançı kimi güclü idim, mütəxəssis kimi də güclüyəm. Düzdür, 40 yaşım olan zaman döyüşmək üçün təklif gəlmişdi. Mən də qəbul etmişdim. Deyirdilər "45 yaş Roy Cons 40 yaşlı Əli İsmayılova qarşı.... İstəyirdim bu döyüşlə son qoyum. Nəysə danışıqlar baş tutmadı. Əsas pul rol oynadı, kimisi razılıq verdi, kimisi yox.. Ona görə də bu döyüş baş tutmadı.

Aygün İlqarqızı