Kikboks üzrə 23 qat dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi, "Ağcanavar ləqəbli Edurad Məmmədov oğlu Raulla birlikdə redaksiyamızın qonağı olub. 

O, Unikal.org-a müsahibəsi zamanı kikboksçulardan, AKF-ninuğurlarından, həmçinin"Ağcanavarın oğluna verdiyi məsləhətdən də danışıb:

- 2017-ci ili Kikboks Federasiyası üçün necə dəyərləndirirsiniz?

- Bu ili federasiyamız, kikboksçularımız üçün çox uğurlu hesab edirik. Həm respublika çempionatlarında, həm də beynəlxalq yarışlarda yaxşı nəticələrimiz oldu. Mart ayında WKA versiyası üzrə dünya çempionatı keçirilib, orada mən və tələbələrim uğur qazanmışdılar. 23-cü dəfə dünya çempionu oldum. Mənimlə bərabər tələbəm "ağ canavar ləqəbli Amil Quliyev dünya çempionu oldu. Ümumilikdə bu il bizim üçün yaxşı başa çatdı deyə bilərəm.

Komandamızın üzvü Bəhram Bağırzadə WAKO versiyası üzrə dünya çempionu oldu. Mən o yarışa qatılsam da nəticə verə bilmədim. Əla formada idim, amma məşq zamanı burnumdan aldığım zədədöyüşümə mane oldu. Belə ki, yarışa 2-3 gün qalmış məşqdə bir az ehtiyatsız davrandım, burnum qırıldı. Buna baxmayaraq yarışa getdim.Özümdən çox əmin idim, əla formada idim. 2 raundda yaxşı döyüşdüm, 3-cü raundda burnuma zərbə dəydi və qan açıldı. Hiss edirdim ki, burnuma növbəti dəfə zərbə alsam yenidən qırıla və yerindən oynaya bilər. Əslində ən az 1 ay keçməliydi ki, sümük bərkisin. Mənim isə onu gözləmək vaxtım yox idi, riskə getdim və döyüşə çıxdım. 2:1 hesabla məğlub oldum. Həmin idmançı dünya çempionu oldu. O zədə olmasa idi qalib gələrdim. İnşallah çalışarıq ki, uğurlarımızı davam edək.

Bildirim ki, həmin döyüşdən sonra rəqibim mənə yaxınlaşdı və şəkil çəkdirmək istədiyini dedi. Mən də onu qələbəsinə görə təbrik etdim.

Onu da qeyd edim ki, federasiyamızın rəhbəri, millət vəkili Adil Əliyev idmançılarımıza böyük diqqət, qayğı göstərir. Hər bir yarışımız elə təşkil olunur ki, dünya çempionatına bərabər olur. Kikboksda inkişaf, idmançıların bu növə olan həvəsi göz qabağındadır.

- Məşqçi kimitələbələrinizin bu ilki çıxışını necə dəyərləndirirsiniz?

- "Ağ canavar klubunun yaradılması ilə deyərdim ki, daha da həvəsləniblər. "Ağ canavar klubu onları daha da həvəslə vuruşdurmağa vadar edir. Tələbələrimin sayı isə həmişə stabil olur. Məşğul olanlar çoxdur, amma bu idmana hər adam dözə bilmir. Mən tələbələrimə həmişə deyirəm ki, kikboksla məşq edirsə bu o demək deyil ki, dünya çempionu olacaq. Peşəkar da olmasa, həvəskar kimi məşq etməlidirlər.

Füzuli rayonunda şəhidlərimizə həsr olunmuş möhtəşəm yarış təşkil olundu. O yarışa 8 idmançı göndərmişdim, hamısı çempion oldu. Səbəbini soruşdum, deyir biliblər ki "Ağ canavarın tələbələridir, çəkiniblər.

- Məşq zamanı zədə alan tələbələrinizə ilkin müdaxilə etdiyiniz zaman olubmu?

- Əlbəttə, çox olub. Bu kontakt idman növüdür. Əzilmə, zədələr olmalıdır. Bizdə zədələr lap da çox olmur, çünki bu kontakt döyüş növünə hazır çıxırsan. Onu da qeyd edim ki, mən tam hazır olmayan idmançını yarışa çıxarmıram. Bəzən tam hazır olmayan uşaqları yarışa çıxardırlar ki, öyrənsin, təcrübə yığsın.

- Adətən idmançılar yaş artdıqca belə bir ifadə işlədirlər: "Yaş özünü göstərir... Sizdə necə?

- Artıq 39 yaşım var. Yarışlara çıxanda soruşurlar ki, "Eduard sən hələ döyüşürsən? Hələ də həvəsin var? Hazırlaşanda hiss edirəm ki, "mator çəkəcək ya yox... Mən "kros zamanı görsəm ki, sonuncu gəlirəm bilirəm hazıram ya yox... İlk "3-lükdə gəlirəmsə deməli hələ də formamdayam, yarışda istənilən nəticəni verə bilərəm. Mən gənclərlə bərabər məşq edə bilirəmsə, "Krosda 1-ci gəlirəmsə deməli hər şey qaydasındadır. Əlbəttə yaş özünü göstərir. Bu mənada ki, əvvəl zədələrim tezz sağalırdı, indi bir qədər gec sağala bilər. Buna baxmayaraq yenə də döyüşürəm, gücüm, sürətim yerindədir.

- Sizcə sürətiniz 10 il əvvəllə müqayisədə heç azalmayıb?

- Bəlkə də azalma var, amma o da 5 faiz... Çünki özümdə onu hiss etmirəm. Hələ də döyüşəcəm, inşallah planımda var ki, veteranlar arasında da döyüşüm. Amma hələ ki, gənclərlə başa-baş döyüşə bilirəm.

Bu gün uğurlarımın arxasında illərlə çiyin-çiyinə duran Çingiz Eyvazovun böyük əməyi var. Təbii ki, federasiyamızın vitse-prezidenti Güloğlan Cabbarov da biz idmançılara dəstək olur. Zaur Məmmədovu da vurğulamaq lazımdır, onun da məşqlərimə köməkliyi dəyir.

- Çingiz Eyvazovla illərdir çiyin-çiyinə hazırlaşırsız. Amma bizdə olan məlumata görə, sizin aranızı vurmaq istəyənlər də olub.

- Amma heç vaxt mümkün olmayıb, ola bilməz də... Biz məşqçi və tələbədən əlavə, yaxın dost, yoldaşıq. Çingiz müəllim məni oğlu kimi görür, mən də onu ağsaqqal kimi, böyüyüyüm kimi görürəm. O, mənim idmandan əlavə həyatda da müəllimdir. Bizim aramızı heç kim vura bilməz. Düzdü çoxdan belə bir şey olub. Məni kanalların birinə çağırıblar, müsahibə alıblar. Bizi istəməyənlər və ya gözü götürməyənlər Çingiz müəllimə deyiblər ki, Eduard sənin adını çəkmədi. Belə hal da heç vaxt olmayıb. Təbii ki, elə adamların sözü ilə biz küsüb, inciyə bilmərik.

- Heç məşqçinizlə küslü qalmamısız?

- Olub, incimişik. Amma o da bizim aramızda olub. Hər ailədə belə hallar olur. Məşqi daha da artıranda olub ki narazılıq etmişəm, elə inciklik yaranıb. Onda deyir ki, "Eduard heç olmasa sən heç nə demə... (gülür)

Dediyim kimi, hər ailədə yüngül inciklik olur, tez də barışmışıq.

- Kikboks aqressiv idman növüdür. Nə qədər təmkinlə davranmağa çalışsa da, əsəblərin cilovlanmadığı anlar az olmayıb. Bəs sizin tələbələriniz arasında bu səbəbdən əlbəyaxa çıxan, ya aqressiv davranan olur?

- Doğru vurğuladınız, elə bir idman növüdür ki, aqresiyyaları, əsəbləri cilovlamaq çətin olur. Özümün də yadıma gəlmir belə bir hal baş versin. İdmanda səbr olmalıdır. Adam var deyirki, beyin çönməlidir ki, döyüşüm, udum. Amma elə deyil, idmançı özündə olmalıdır ki, hər şeyi hiss etsin, əvvəlcədən rəqibinin addımını görə bilsin. Mən çox vaxt rinqə çıxanda çalışıram rəqiblərimi ondan qabaq əsəbləşdirim. Onu da gülümsəməmlə edirəm, gözlərinin içinə dik baxıram. Bu da onda qıcık yaranır.
Tələbələrimə gəldikdə, yetirmələrimlə məşq edəndə bir də görürəm mənə bərk zərbə vurmağa çalışır. Ağılınca mənə zərbə keçirmək istəyir. Onda deyirəm "mən sənə vursam yerindən qalxmazsan. Özünü topla, neynirsən?.(gülür)

- Eduard Məmmədov illərdir kikboksda can qoyub. Bu günə qədər qazandıqlarınızı ancaq idmanın hesabına əldə etmisiz, ya hansısa biznesiniz, obyektiniz var?

- Əslində mənim heç bir biznesim, obyektim yoxdur. Sadəcə 3 yerdə məşq zallarım var. Təəssüf ki, onlar da şəxsi məkan deyil, icarə əsasındadır. İnşallah öz məkanımız olarsa, idmançılarımıza daha da yaxşı xidmət göstərə bilərik.

İllərdir idmandayıq və dövlət işində işləyirəm. Bu illər ərzində heç vaxt balaca bir dükanım da olmayıb, bundan sonra isə qismətdir.

İllərdir Daxili İşlər Nazirliyinin əməkdaşıyam. Palkovnik-leytenantam. Fəxr edirəm ki, Azərbaycan polisində xidmət edirəm.

- Eduard bəy, övladınızın hər istədiyini edən bir atasız? Yəni övladınızı "atam bunu mənim üçün edəcək fikirlə böyüdürsüz?

- Xeyr, mən ona demişəm ki, özün qazanmalısan. Oğlum bilir ki, nəyisə əldə etmək üçün onu qazanmaq lazımdır. Mənə deyir ata, sənin maşınından istəyirəm. Onda deyirəm ki, bunu özün qazanmalısan.

- Dərsləri ilə maraqlanmağa vaxtınız olur?

- Qızım yaxşı oxuyur, oğlum bir az tənbəldir (gülür). Bir şey danışım, bir müddət əvvəl baxıram gündəliyində bütün qiymətləri "5dir. Sən demə aşağı qiymətləri pozaraq "5 edib. Ya da "mənfi qiymət olanda müsbət edib.(gülür)

Amma artıq özü də anlayır ki, hər şeyi özü qazanmalıdır.

- Eduard bəy, sizin sosial şəbəkələrdəki şəkillərinizə baxdığımıəz zaman sadəcə məşqlərinizdən və ya yaxın dostlarla bir məclisdən şəkillərinizi görürük. Amma qəlyanla şəkiliniz yoxdur. Bir çox idmançılarımızın belə şəkilləri az deyil...

- Mən siqaret, qəlyan və ya elə içki içmirəm. "İnstagram və "Facebookda varam. Amma heç vaxt qəlyanla şəkil çəkdirib paylaşmaram. Qəlyan çəkən şəxsi işidir mən nə isə deyib qarışa bilmərəm. Birinci istifadə etmirəm, ikinci də əgər istifadə edərəmsə elə şəkil paylaşmaram.Çünki biz idmançılar gənclərə örnək olmalı, atdığımız addımlara diqqət etməliyik.

***

Sonda bir haşiyəyə çıxıb xalqımızı 31 dekabrda həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik edirəm. 2018-ci il xalqımız üçün uğurlu olsun. İdmançılarımıza da uğurlar arzulayıram. Yeni ildən dünya və Avropa çempionatları, böyük arenalardan medallarımız bol olsun. Möhkəm və sağlam olsunlar.

Aygün İlqarqızı