SON XƏBƏRLƏR
18 Sentyabr 2018
19 Sentyabr 2018
"Aparıcı qəzet hərf səhvi edir..." - Dilçilik İnstitutunun direktoru lüğət dəyişikliyindən DANIŞIR
MÜSAHİBƏ 17:23 / 12.01.2018
Xəbər verdiyimiz kimi, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Mövzu ilə bağlı Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu Unikal.org-un suallarını cavablandırıb.

-Möhsün müəllim, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində bir sıra sözlərimizdə dəyişikliklər edilir Sizcə, buna ehtiyac var idimi?

-Əlbəttə var idi. Olmasaydı, biz bunu etməzdik. Biz bəzi dəyişikliklərə getmək qərarına gəldik və bunun üçün "Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları” layihəsini hazırlamışıq. Təsdiq olunarsa, Orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklərə gediləcək. Artıq AMEA Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda 2018-ci ildə çap olunacaq yeni Orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub. Bu məsələ yenidən müzakirəyə çıxarılacaq. İndi hazırladığımız yeni "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində nəzərdə tutulan dəyişiklikləri ictimaiyyətin diqqətinə çatdırırıq. Bütün bu dəyişikliklər qəzetdə çap olunacaq. Bununla bağlı olaraq Orfoqrafiya komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın prezidenti akademik Akif Əlizadə, sədr müavini AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər müxtəlif qurumlardan 20 nəfərə qədər ziyalı, dilçi alim daxildir.
Onlar məsləhət gördülər ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində nəzərdə tutulan dəyişikliklər qəzetdə çap edilsin, bəzi saytlara verilib, müzakirə olunsun. Burada da müzakirə olunduqdan sonra layihə kimi Nazirlər Kabinetinə təqdim olunacaq. Nazirlər Kabineti "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini təsdiq edə bilər və yaxud, əksinə. Bu, layihədir. Bütün dəyişikliklərin hamısı elmi şəkildə əsaslandırılıb.

-Mətbuat vasitəsilə, artıq yeni sözlər ictimaiyyətə təqdim olunub. Amma bəzi dəyişikliklər nədənsə qəbul edilmir.

-Bu, normal bir haldır, amma dəyişiklik vacibdir. Misal üçün, hazırda əskər sözü "əsgər” yazılır. Halbuki mən Şərqşunaslığı qurtarmışam və bilirəm ki, ərəb dilində də, "g” hərfi yoxdur və bu "k” ilə "əskər” yazılır. Türklərdə asker yazır. Ya "iskəndər” sözünü bütün dünyada "isgəndər” yazırlar. Ruslarda "aleksandır” yazırlar. Amma bizdə isə tələffüzə görə, "k” ilə yazılır. Biz dilimizdə iki kar samit yanaşı gələndə (məsələn: dəftər, məftil, şaftalı, itki) ikincisi tələffüzdə cingiltiləşir. Yəni dəftər, bitki necə tələffüz olunur? dəfdər, bitgi. Elədir? Niyə? Çünki bizim dilimizin iki fonetik qanunları var. İki kar samit ikincisi cingiltiləşir. Tutaq ki, hətta sözü iki "t” ilə yazılır. Amma necə tələffüz olunur? "hədda”. Niyə? Çünki iki kar samit gəlib. Əsgər sözü də onun nəticəsində olub. Yəni "s”, "k” da kardır cingiltiləşib olub "g”.

-Buna görə sözlərdə dəyişikliklər etmək məcburiyətindəsiz?

-Bəli. Biz buna görə, bu dəyişikliyə getməliyik. Elm nəyi tələb edir? Əlbəttə ki, dəqiqliyi.

-Bəs bu günə qədər nəyə görə dəyişməyib?

-Bunun səbəbləri çoxdur. Bundan sonra belə olmamalıdır. Bu günə kimi, tələffüzü əsas götürürdülər. Amma bizə nəyə görə irad tutulmalıdır. Nəyə görə qardaş türkiyədə belə yazılır? Çünki onlar əsas alındığı (mənbə) dilinə üstünlük verirlər. Bizdə isə tələffüz əsas götürülüb. Biz də öz təklifimizi vermişik. Məsələn qoşa "yy” gələk. Hammı bilir ki, ədəbiyyat, nəqliyyat, davamiyyət sözünü biz bir "y” ilə deyirik. Heç kim demir nəqliyyat. Amma yazırıq iki "yy” ilə. Bizim dilimizin fonetik qanunlarına əsasən indi bunu da biz təklif edirik ki, bir "y” ilə olsun. Hər halda bu təklifdi.

-Təqribi nə qədər sözümüzdə dəyişiklik nəzərdə tutulur?

-Layihədə 20-dən çox yeni maddə var. Məsələn dilimizdən stress sözü nəyə görə, iki "ss” ilə yazılmalıdır? Sizcə, bu düzdür? Axı, biz bunu bir "s” ilə deyirik!Demirik ki, stressss.
Bizim o vaxtkı alimlər alman, ingilisi, rusu nəzərə alıb. İndi biz istəyirik yeniliklər özümüzə məxsus olsun. Çünki hər dəfə orfoqrafiya lüğəti çıxanda təbii ki, bir yenilik olmalıdır. Hazırkı orfoqrafiyada "sanatori” "praflaktori” yazılır. Kim bu sözü belə deyir? Biz bu sözləri necə deyirik? "ya” ilə düzdü? Ona görə biz bu dəyişikliləri təklif edirik. Çünki bunlar dilimizə böyük qüsurdur.

-Bu dəyişikliklər sosial şəbəkələrdə də ciddi müzakirə olunur. Bəziləri bu dəyişiklikləri "ələ də salır”. Bu məsələyə münasibətiniz necədir?

-Olsun. Bizim xeyrimizədir. Mən şəxsən yeniliyin tərəfdarıyam. Biz müstəqil dövlətik. İndiyə qədər biz çox sözləri ruslardan alıb, onların təsiri ilə yazmışıq. Amma indi müstəqil dövlətik axı? Müstəqil dövlətin də müstəqil siyasəti, müstəqil dili olmalıdır axı? Azərbaycan dili bizim milli sərvətimizdir. Ana dilimizidir. Ona görə, burada biz onu da nəzərə almalıyıq ki, bu gün xristian dünyası birləşir. Nə bilim Avropa birləşib. Türkdilli xalqlar nəyə görə birləşməsin? Heç olmasa, əlifba, imla məsələsində birləşək. Əvvəllər də bizim türklərlə birliyimiz olub. Amma başı qapazlı olduğumuz üçün bizə deyiblər ki, siz başqa millətsiz. Amma kökə gedəndə özbək də, qazax da, türkmən də türk millətidir. Ona görə də, hazırladığımız "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi iclas üzvləri tərəfindən yekdilliklə qəbul edildi. Mətbuat Şurasının sədri Əflatun Amaşov də dəyişikliyi bəyəndi. İstəyirik ki, orta məktəb müəllimlərini də bu müzakirələrə dəvət edək. Hesab ediərəm ki, layihə ictimaiət tərəfindən yekdilliklə qəbul ediləcək və Azərbaycan dilimizdə istifadə olunan bəzi qondarma sözlər orfoqrafiyaya salınmayacaq. Lüğətdə udunitil (uzadıcı), adaptır (yükləyici), zaryatka (yükləmə), atfertka (buğac) sözü ilə əvəzlənəcək. Eşşək sözünü, həm də ulaq adlandırmaq da olar. Hər ikisi düzdür. Çalışırıq ki, dilimizin öz daxili hesabına yeni sözlər yaradılsın.

-Biz deputat deyək, yoxsa millət vəkili?

-Yox, millət vəkili daha düzdür. Deputat yazılması düzgün hesab etmirəm.

-Möhsün müəllim, hazırda mətbuatın dil durumunu necə qiymətləndirirsiz?

-Demək olar ki, hər həftə, hər gün bu sahədə bizim institutda müzakirələr gedir. Hətta iş o yerə çatıb ki, ölkə başçısı da bunu dilə gətirib. "Bildirdi ki, bizdə yerli, yersiz sözlərdən istifadə edilir. Halbuki bizim dilimiz zəngin dildir. Təəssüf ki, dilimizə yad kəlmələr daxil olur və bu, məni narahat edir.”
Ona görə də, biz çalışmalıyıq ki, dilimizi qoruyaq. Amma təəssüf ki, bu sahədə Kütləvi İnformasiya Vasitələrində daha ciddi nöqsanlara yol verilir. Bu səhər maşınımla işə gəlirdim. Radioların birində aparıcı sual verirdi ki, qadının çantasında nə olmalıdır? Digəri deyir pamada. Aparıcı tez onun səhfini düzəltdi. Dedi ki, pamada yox, dodaq boyası. Televiziyanın özündə, qəzetlərdə, saytlarda yerli-yersiz sözlər istifadə edilir. Bu gün ölkəmizin aparıcı qəzetində hərf səhvi var. O, qəzetin adını çəkmək istəmirəm. Amma qabaqlar qəzetlərdə belə səhv edən işçini işdən qovardılar. Qəzetlərin korrektoru olardı. Amma istənilən qəzeti gətirin mənə nə qədər istəyirsiz, səhv tapım. Bu, nədən irəli gəlir? Hesab edirəm ki, peşəkarlar azalıb. Fikrimcə, dil xalqın sərvətidir. Bu sərvəti başda mətbuat, televiziya, radio yayımları olmaqla hər kəs göz bəbəyi kimi qorumalıdır.

Amid Əyyuboğlu