İki üzgüçü güclü dalğa səbəbindən sahildən 700 metr aralı düşüblər və geri qayıda bilməyiblər.

Unikal.org technote-yə istinadən xəbər verir ki, bu zaman "Little Ripper adlı dron məşq edən xilasedicilər batan üzgüçülər haqqında siqnal qəbul ediblər.

Batmaqda olan üzgüçülərin olduqları yerə dron göndərilib və onlara xilasedici sal atılıb. Üzgüçülər salı tutaraq onun vasitəsilə sahilə çıxıblar.

Bu proses dronda olan kamera vasitəsilə qeyd olunub. Xilasedicilərdən biri qeyd edib ki, bu cür xilasetmə əməliyyatı insanlar vasitəsilə bir neçə dəqiqə daha çox vaxt aparacaqdı. Lakin dron vasitəsilə bu əməliyyat 2 dəqiqədə görülüb.

Qeyd etmək lazımdır ki, xilasedicilər adi istehlakçı dronundan istifadə etməyiblər. Onlar "Little Ripper adlı xüsusi xilasedici drondan istifadə ediblər. Bu dron süni zəka sisteminə sahibdir və köpək balıqlarının insanlara hücumlarının qarşısını almaq üçün sahil boyu əraziləri nəzarətdə saxlamaq üçün istehsal olunub. Dron kamera vasitəsilə köpək balığının formasını 90% dəqiqliklə təyin edə bilir. Dronun korpusunda isə avtomatik hava ilə dolan xilasedici sal var. Bu dron bir dəfə şarj olunmaqla 150 dəqiqə uça bilir.