İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun və "Borçalı-İrəli İctimai Birliyinin təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Rustaveli metro stansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər. Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını tutmuş gənclər yürüşboyu "Qarabağa azadlıq!, "Xocalıya ədalət!, "Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun! kimi şüarlar səsləndiriblər.

Xocalı soyqırımının tanıdılması və təbliğatı üçün gürcü dilində çap etdirilən bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

Aksiyada Gurcüstan Azərbaycanlı Huquqşünaslar Asossiasiyasının üzvləri də iştirak ediblər.