SON XƏBƏRLƏR
18 Sentyabr 2018
19 Sentyabr 2018
Füzuli Musayev də Rafael Ağayevin bu addımından narazıdır: "Uşaq deyil" - VİDEO
İDMAN 16:50 / 16.04.2018
Azərbaycan karateçisi, 5 qat dünya və 10 qat Avropa çempionu Rafael Ağayev Full kontakt Karate Liqasında çıxış edib və qələbə qazanıb.

Qələbə qazanmasına baxmayaraq R.Ağayevin bu cür təhlükəli bir döyüşdə çıxış etməsi birmənalı qarşılanmayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançımızın o tipli döyüşdə çıxış etməsindən narazı qalıb.

Karate üzrə dünya çempionu, R.Ağayevin məşqçisi Füzuli Musayev də onun "Karate kombat” döyüşündə çıxış etməsini istəmir. Unikal.org-a danışan dünya çempionu, keçmiş idmançı fikirləini belə ifadə edib:

"Rafael təcrübəli idmançıdır, uşaq deyil. Özü hər şeyi yaxşı başa düşür. "Karate Kombat”da döyüşənlər də karateçilərdir. Ora başqa idman növündən idmançı qatılmır. Qayda-qanunlar da hamı üçün eynidir. "Karate Kombat”da döyüşənlər də Rafael Ağayev kimi döyüşçüdür. Sadəcə narazılığımız bundan ibarətdir ki, onun qarşıda Olimpiya Oyunlarında çıxışı var. Orada da medal gətirəcək ən real namizədlərimizdən biri Rafaeldir. İstəməzdik ki, bizim idmançılarımız bu tipli döyüşlərə qatılsın. Düşünürəm ki, karateçilərimiz ancaq olimpiya oyunlarında çıxış etdikdən və böyük idmandan uzaqlaşdıqdan sonra "Karate Kombat”a qatılmaları daha məsləhətdir. Təbii ki, bununla bağlı Rafaelin özü ilə söhbət etmişik.

Düzdür, bizim döyüşdüyümüz yarışlarda da zədələr olur. Özüm döyüşdüyüm vaxtlarda çənəm və burunum sınmışdı. Təbii ki, bu tipli zədələr güləş, boks, cüdoda da olur. Amma bu döyüş bir az daha risklidir. Rafaellə danışıq aparanda onun özü də böyük zədələrdən qorunduğunu, ciddi problem istəmədiyini bildirdi. O, həmçinin qeyd etdi ki, "Karate Kombat” döyüşlərində sadəcə özünü yoxlamaq üçün çıxış edib. Rafael həmçinin bu tipli döyüşlərə böyük idmanla vidalaşdıqdan sonra qatılmağı düşündüyünü dedi. Yəni olimpiya oyunlarından sonra "Karate Kombat”a qatıla bilər. Bu tək Rəfaelə yox, digər idmançılarımıza da aiddir. "Karate Kombat” kommersiya xarakterli yarışlardır. Ona görə də heç kimin ixtiyarı yoxdur ki, kiməsə qadağa qoysun. Sadəcə biz ona məsləhət vermişik ki, federasiyamızın ümidlərindən biri də sənsən. Ona görə də istəmərik ki, o döyüşlərdə ciddi travma alasın.

Bugünkü gün nə Rəfaelin, nə də digər karateçilərimizin "Karate Kombat” döyüşlərində çıxış etməsi ilə razı ola bilmərik! Çünki biz illərdiir Karatenin olimpiya oyunlarına düşməsini arzu edirdik. İndi Karte Tokio Olimpiya Oyunlarına düşüb. Bu ərəfədə heç bir idmançımızı ciddi zədələr üzündən itirmək istəmirik. Çünki karateçilərimiz bizi olimpiya oyunlarında layiqli şəkildə təmsil edəcəyi ilə bağlı ümidlərimiz böyükdür. Medal qazanacağına inandıqlarımızadan biri də Rafael Ağayevdir.
Rafaeli tək ölkəmizdə deyil, bütün dünyada tanıyıb, izləyirlər. 5 qat dünya, 10 dəfə Avropa çempionudur. Onun kimi idmançı dünya aləmində demək olar ki, yox dərəcəsindədir. Biz hamımız onu qorumaq üçün bu məsələnin üstünə düşmüşük. Düşünürəm ki, yenidən bu yarışa qatılmaz, heç özü də bu fikirdə deyil. Ən azından böyük idmanla vidalaşana qədər...”

Qeyd edək ki, Rafael Ağayev "Karate Kombat” döyüşləri zamanı Macarıstanın paytaxtı Budapeştdə baş tutan qarşılaşmada Dominikan Respublikasından olan Dionicio Gustavo ilə münasibətlərinə aydınlıq gətirib. İdmançımız rəqibini məğlub edərək ilk qələbəsini qazanıb.

Aygün İlqarqızı