Avrasiya Kombat Ciu-Citsu Federasiyasının rəhbəri Aqil Acalov Unikal.org-a müsahibə verib. O, haqqında yayılan bəzi qalmaqallara aydınlıq gətirib.

- Nə vaxtdan yeni rəhbər postunu icra edirsiniz? 

- Biliriniz ki, Ciu-Citsunun 3 növü var. - Brazilyanın Ciu-Citsu, ənənəvi və kombat Ciu-Citsu...

Mən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının rəhbəriyəm. Rəsmi olaraq fevral ayından bu posta gəlmişəm.

- Nə üçün Azərbaycan Alpaqut Federasiyasından istefa verdikdən bu quruma getmək fikrinə düşdünüz? Yerli olimpiya və ya qeyri olimpiya idman növü olan federasiyalardan birinə dəstək olmağı düşünmədiniz?

- Bu qurumda mənə etimad göstərildi. Düşündüm ki, gücümüzü beynəlxalq bir səviyyədə sınamağın vaxtıdır. Ona görə də bu təklifi qəbul etdim. Beynəlxalq quruma bir azərbaycanlının təyin olunması qürurverici bir haldır. Bizim qurum Avropa və Asiya ölkələrinə cavabdehdir.

- Alpaqutdan ayrıldıqdan sonra sosial şəbəkədə kimlərəsə tənqidi fikirlər yazdınız. İddialara görə, oradan ayrılarkən sizdən üzdöndərənlər olub. Hətta müəyyən qalmaqalların olduğu iddia edildi.

- Mənim o yazdıqlarım Alpaqutla bağlı olmayıb. Ola bilər yazdıqlarım federasiyadan ayrıldığım ərəfəyə təsadüf etdi. Mənim nəsə bir fikir ağlıma gələndə yazıram. Yenə deyirəm, bu Alpaqut Federasiyası ilə bağlı deyildi.

Bilirəm mən oradan ayrılanda müəyyən şayiələr, yayanlar oldu. Elə o şayiə edənlərə yazmışdım. Alpaqut Federasiyasına aidiyyatı yoxdur. Çünki, o federasiya mənim üçün məktəb idi. Bu gün də mənim alpaqutla sıx əlaqələrim var. Federasiyanın hazırki prezidenti mənim yaxın dostumdur.

- Bəs niyə Alpaqutdan ayrıldınız?

- Təvəzökarlıqdan uzaq olsa da deməliyəm, mən Alaqut Federasiyasının rəhbəri olsam da beynəlxalq yarışlar təşkil etmişəm. Yəni, beynəlxalq müstəvidə təcrübəm var idi.

Düşünürdüm ki, artıq ölkəmizi dünyada tanınan bir idman növündə təmsil etməyin vaxtıdır. Bu gün hər kəs Azərbaycanın idman ölkəsi olduğunu bilir. Azərbaycanlılara beynəlxalq təşkilatlarda etimad göstərilir. Mən də bu posta dəvət alanda çox götür-qoy etdim. Düzünü deyim ki, Alpaqut Federasiyasından getmək istəmirdim. Sonradan düşündüm ki, təcrübəmi daha da artırmaq lazımdır. Enerjimi daha böyük işlər görmək üçün yönəltdim.

Bu gün Azərbaycanda Kombat Ciu-Citsu idmanı var. Amma bizim işimiz sırf beynəlxalq müstəvidədir. Bizim təşkilata 19 ölkə üzv, 10 ölkə də baxılmaqdadır. Yəni, onların Avrasiya Kombat Cis-cutsu Federasiyasına üzvlüyü qəbul edilə bilər. Digər ölkələrdəki Ciu-Citsu federasiyalarının üzvləri ilə də əlaqə yaradırıq. Belarusiya, İranın federasiya rəhbərləri Azərbaycana gəlib.

- Bəs, bizim Cius-Citsu Federasiyası ilə əlaqə var?

- Əlbəttə var. Bu idman növünün məşhur simalarından Qreys qardaşlarının Azərbaycana gətirilməsi üçün danışıqlar gedir.

- Gəlin etiraf edək ki, bəzi qeyri-olimpiya idman növlərində olduğu kimi, Azərbaycan Ciu-Citsu Federasiyasında da maddi problem var. Bunu aradan qaldırmaq üçün yerli federasiyalarla iş gedirmi? Və haradansa dəstək var?

- Mən həmişə demişəm, hər şeyi dövlətdən gözləmək lazım deyil. Özümüz də nəsə etməliyik. İdman növünün inkişafı ilə bağlı federasiyalar biznes fəaliyyəti ilə məşğul ola bilər. Zalların istifadəsi və arendiyası kimi...

Təbii ki, dövlətdən dəstək var. Amma iş adamı olmasam da, yerli quruma özüm də müəyyən formada dəstək göstərirəm. Yenə deyirəm hər şeyi dövlətdən gözləmək olmaz. Əksinə, idmanın inkişafı üçün bir vətəndaş cəmiyyəti olaraq biz dövlətə dəstək olmalıyıq.

- Yerli Kombat Ciu-Citsu Federasiyasına dəstək məqsədli işlər görmək planınızda var?

- Alpaqutda çalışdığımız vaxt müəyyən qədər dəstək olurduq. Başqa ölkələrdəki yarışlara idmançılar göndərirdik. Yerli Ciu-Citsu Federasiyasında da ehtiyac duyarlarsa, əlimizdən gələn köməkliyi edərik. Əsas odur ki, Azərbaycanı təmsil etsinlər, bayrağı qaldırıb, medal qazansınlar. Təbii ki idmançıya dəstək vermək lazımdır. Mən bir azərbaycanlı olaraq həmişə çalışıram ki, kənardan müəyyən qədər idmançıya dəstək olum. Yerli federasiyadan da dəstək lazım olarsa, əlimdən gələn qədər kömək edərəm. Mən elə böyük bir iş adamı deyiləm. Sıradan bir gəncəm. Buna baxmayaraq azdan-çoxdan köməkliyimi göstərəcəm. Dediyiniz kimi böyük səviyyəli dəstək mənim bacaracağım iş deyil. Amma müəyyən qədər köməklik olacaq. Sağ olsun ətrafımızdakı dostların da köməkliyi ilə dəstəyimizi göstərəcəyik.

- Səhv etmirəmsə, siz Maliyyə Nazirliyinin əməkdaşısınız. Hər iki işi görmək problem deyil?

- Bəli, Maliyyə Nazirliyinin baş məsləhətçisiyəm. Bu mənim dövlət işimdir, sənətimdir. Federasiya işi özfəaliyyət sayılır. Bu işi də maddi maraq güdmədən görürük.

Aygün İlqarqızı