Millət vəkili, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev Unikal.org saytına müsahibə verib:

- Bu gün Azərbaycan idmanının vəziyyəti sizi qane edirmi?

- Hazırda Azərbaycan idmanı yüksək səviyyədədir. İdmanda olan yeniliklər bütün ölkələr tərəfindən qəbul olunur, nəticələrimiz də beynəlxalq səviyyədədir. Azərbaycan idmanının inkişafı xüsusi ilə müstəqilliyimiz dövrünə təsadüf edir. İdmançılarımız Dünya, Avropa çempionatları, Olimpiya oyunlarında yüksək nəticələr qazanıblar. 1996-cı ildə Azərbaycan komanda şəklində ilk dəfə olimpiya oyunlarında iştirak etdi və hər olimpiya oyunlarından sonra medalların sayı artmağa başladı. İdmançılarımız olimpiyadadan qayıdandan sonra ulu öndər Heydər Əliyev idmançıları qəbul etdi və Namiq Abdullayevin qazandığı medalla bağlı bu fikirləri səsləndirdi:

"Oğlum Namiq, sənin əldə etdiyin gümüş medal bizə qızıldan da qiymətlidir. Çünki sənin o medalına görə Azərbaycan bayrağı yüksəyə qaldırıldı.

Hesab edirəm ki, bundan böyük mükafat ola bilməzdi. Hər kəs bu gün Azərbaycan dövlətinin idmana olan qayğını görür, hamı istəyir ki, bu diqqət onlara da çatsın. İdmançılar yaxşı nəticə göstərmək üçün can atırlar. O vaxt idmanda şərait yox idi, bizim idmançılarımızın da çoxu xaricə qaçıb, getmişdi. Bu gün Azərbaycanda idmanın inkişafı məhz İlham Əliyevin adı ilə bağlıdır. O, həm Milli Olimpiya Komitəsinin prezidenti, həm də ölkə başçısı kimi idman üçün hansı dəstək lazımdırsa edir.

- Ağacan Abıyev hansı idmançını daha çox bəyənir və kimi Azərbaycanın ən yaxşı idmançısı hesab edir?

- Favorit idmançının birinin adını çəksəm, digərləri inciyəcək (gülür). Bilirisiniz ki, favorit idmançı  kimi olimpiya oyunlarında daha çox qələbə qazanlara baxırıq. Amma mən Namiq Abdullayevi idmançıların idmançısı adlandırıram. Çünki hələ idman aləmində zəif oluduğumuz zamanlarda bizi tanımırdılar. Namiqin iki olimpiyadada ard-arda bir gümüş bir qızıl medal qazanması bizim üçün xüsusi sevinc hissi idi. Sadə bir azərbaycanlı balası çıxıb olimpiyadada ABŞ-ın güclü idmançısını məğlub etməsi böyük nailiyyətdir.

- Bəs, Azərbaycan futbolu ilə bağı nə deyə bilərsiniz?

- Bizdə futbol alınmır da... SSRİ dağılmamışdan əvvəl bizdə bir balaca futbol nəfəs alırdı. Futbol bütün dünyada sevilən idman növüdür. Bu gün futbol hamının evindədir. Oturub, evində başqa ölkədəki çempionata baxırsan.

- Düna çempionatına baxırsız və hansı komandaya azarkeşlik edirsiniz?

- Baxıram. İngiltərə komandasından xoşum gəlir. Ümumiyyətlə, İngiltərə idmançılarını mən daha çox bəyənirəm. Olimpiyadanı Yunanlar yaratdı, sonradan özləri yaddan çıxdılar. Amma futbol, boks deyəndə İngiltərə yada düşür. Çünki onlar yaratdı və ənənələrini qoruyublar.

- Ağacan müəllim, boksdan deyəsən uzaqlaşmısınız?

- İş çoxdur. Rəsmi olaraq orada tutduğum vəzifə davam edir. Amma həmişə mən ola bilməzdim. Gənclərimiz, yeni baş məşqçilərimiz, vitse-prezidentlərimiz var. Həmçinin boks bu gün çox şaxəli olub. Yeniyetmələr, gənclər, kişilər və qadınlardan ibarət milli komanda... Düzdür, Ağacan Abıyev qadın boksuna "protivdir.

- Səbəbi nədir?

- Mən şəxsən Ağacan Abıyev qadın boksunun əlehinəyəm. Olimpiya insanlar arasında birinci dostluq üçündür. İkincisi də sağlamlıq üçündür. Bizim bədənimizdə olan artıq enerjini çıxarmaq üçün mütləq fiziki hərkət etməliyik. Mən qadınların idmanla məşğul olmasının tərəfdarıyam. Elə idman qadın üçün çox vacibdir, onlar da enerjini atmalıdır. Ən yaxşı idman növü sabah tezdən qaçışıdır. Qadınların boksunu hansı "idiot kəşf edib bilmirəm. Ən yaxşı halda qadın heç olmasa gedib cüdo ilə məşğul ola bilər.

Qadınların qarın nahiyyəsinə zərbə alması onların gələcəkdə ana olması üçün təhlükəlidir. Onların övladlarının əlil dünyaya gəlməsinə səbəb ola bilər.

Aygün İlqarqızı