Təqaüdçünün pulunu bankomatdan çıxarıb mənimsəyən Sabirabad sakini saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə "Reporta DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli bildirib.

Belə ki, avqustun 21-də Sabirabad rayon Ulacalı kəndində yaşayan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, bir gün əvvəl rayon ərazisində yerləşən Kapital banka məxsus bankomatdan təqaudünü almaq üçün ora yaxınlaşıb, tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. Çox keçmədən hesabında olan 187 manatın çıxarıldığını, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.

RPŞ-nin əməkdaşlarının "isti izlərlə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Eminov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi əməli eritaf edərək bildirib ki, kartda olan 187 manatı bankomatdan çıxararaq mənimsəyib.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır. Saxlanılan şəxsin oxşar cinayətlərdə də iştirakı istisna edilmir.

Əgər İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102 Zəng Mərkəzi Xidmətinə, həmçinin Sabirabad Rayon Polis Şöbəsinə (021)235 52 03 şəhər və (070)205 52 03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.