Əməkdar artist Könül Kərimova  mətbuata müsahibə verib.

Unikal.org  milli.az-a istinadən həmin müsahibəni təqdim edir.

- Könül xanım, yay istirahətiniz necə keçir?

- Mən buna tam istirahət deməzdim, sadəcə olaraq bir az səhhətimə qulluq edirəm. Çünki 3 ildir ki, istirahətə yollanmırdım. Həm də çox yorğun idim. Ailəmdə xoş günlər ard-arda oldu. Hələ də o yorğunluq canımdan çıxmayıb. Artıq işə başlamışam, hələ üstəlik yeni bir mahnı da yazdırmışam.

- Siz həmişə şou-biznesi kənardan izləmisiniz, seyirçi olmusunuz. Nədən qorxmusunuz?

- Mənim ucuz reklama heç vaxt ehtiyacım olmayıb. Biz sənətə gələndə belə şeylər yox idi. İndi bu cür vasitələrə əl atırlar. Bizim nəsil müğənnilər belə şeylərə alışa bilməz. Buna görə bizi qınamayın. Sənət müəllimlərimiz bizə sənətdən əvvəl abır-həyanı, mədəniyyəti öyrədib. Bu xasiyyətlərimə görə mən maqazin verilişlərindən də qaçıram.

- Amma boynunuza alın ki, çox səbirsizsiniz.

- Səbirsizlik məndə əsəbdən doğur. Qorxuram ki, nəsə artıq-əskik söz eşidərəm, əsəbiləşərəm. Yersiz sözlər, ifadələr, hərəkətlər məni əsəbiləşdirir. Bu daha çox özünü Instagramda göstərir.

- Bəzi həmkarlarınız onları təhqir edən izləyicilərini hüquq-mühafizə orqanları vasitəsilə cəzalandırır. Bəs siz niyə bu yola əl atmırsınız?

- Xeyr, mən heç vaxt bu yola əl atmaram. O insan məndən üzr istəsə nə dəyişəcək ki? Mən küsdümsə küsürəm. Zamanla o insanla münasibətlərimi bərpa edə bilərəm.

- Könül xanımı küsdürən insan onun qəlbini necə fəth edə bilər?

- (Fikirləşir). O insan özünü necə olursa-olsun bağışlatmalıdır. Barışmağın da yolları var. İçdən gələn səmimiyyəti görəndə mən barışıram. Elə olub ki, biri xətrimə dəyib demişəm ki, onu heç vaxt bağışlamaram. Özüm-özümə çaşıb qalmışam ki, mən onu necə bağışladım!

- Söhbət kimdən gedir?

- Söhbət bizim Xatunumuzdan gedir (gülür). Çox insanlar dedi ki, bu yalançı barışıqdır. Çünki təzə-təzə içimdə az da olsa küsülülük qalmışdı. O, mənimlə barışmaq üçün canlı efirə elə bir tərzdə gəldi ki, hətta gözləri doldu, məni də ağlatdı. Mən necə onu bağışlamaya bilərdim?

- Bəs siz kimlərin hüzuruna elə gedib, barışmaq istərdiniz?

- Əgər o insan elə barışığa layiqdirsə hüzuruna gedərəm. Mən çoxları ilə özüm barışmışam. Addım atmağı, jest etməyi bacarıram. Bu günlərdə bir kişi dostum telefonda mənimlə danışarkən ümumküs elədi. Mən donub qaldım, pərt oldum. Bilirdim ki, ona yanlış məlumat veriblər. 1 həftə səbr etdim, sonra zəngləşib onunla danışıb məsələni həll etdim. Əsl dostluğa qiymət verən insan səhv edərsə, onu bağışlayıram. Dost var ki, bağışlamağa dəyər.

- Xoşbəxt xanımsınız yoxsa xoşbəxt ana?

- Mən xoşbəxt anayam. Bütövlükdə xoşbəxt insan yoxdur. Rəhmətlik Telman Adıgözəlov deyirdi ki, yalnız dəlilər bütünlüklə tam xoşbəxt olurlar.

- Nənə olmağa hazırlaşırsınız?

- Xeyr, məni hələ nənə etmirlər (gülür).

- Oğul nəvəsi arzusundasınız yoxsa qız?

- Mən hələ o hissləri ayırd edə bilmirəm. O xoş gün yaşananda hiss edəcəyəm dediyinizi. Mən övladlarımı da bir-birindən seçməmişəm, o ki, qalsın nəvələrimi seçim.

- Oğlunuz da bu sənətlə məşğul olur. Ona dəstək olursunuz?

- Xeyr, hələ ki, ona dəstək olmuram. Hətta bizim tez-tez evdə ana-bala mübahisəmiz də düşür. O, hələ ki, məni qane etmir. Mən ona demişəm ki, sən məni qane edəndə sənə dəstək olacağam. Hələ ki, ondan razı deyiləm.