"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları QSC-dən Unikal.org-a verilən məlumata görə, QSC sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, "Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Cavid Qurbanov bildirib ki, Çexiya Respublikasının müvafiq qurumları ilə əlaqələrimiz yüksək səviyyədədir. Belə ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb və layihənin
icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb. Artıq Bakı Böyük Kəsik istiqamətində təmir işlərı başa çatmaq üzrədir. Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakova çıxış edərək Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Görüşdə həmçinin Çexiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert iştirak edib.