Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a müsahibə verib.

Qurum sədri Azərbaycanda telekanalların vəziyyəti, yerli serialların çəkilişi və digər məsələlərdən danışıb.

-Yeni mövsümdən televiziyalarda nə kimi yeniliklər gözlənilir?

- Azərbaycanda televiziyalar yaradıcılıq və proqram siyasətində tam müstəqil olaraq fəaliyyət göstərir. MTRŞ onların bu işlərinə qarışmır. Bilirsiniz ki, Azərbaycanda 1998-ci ildən senzura ləğv edilib. Efirlərdə Televiziya və Radio yayımı haqqında qanunda qadağan olunmayan hər şey yayımlana bilər. Hazırda özəl televiziya kanallarındakı vəziyyət ürəkaçan deyil. Şəxsi fikrim ondan ibarətdir ki, buradakı verilişlərin səviyyəsi təəssüf ki, məni qane etmir. Hələ də efirlərdə cəmiyyət tərəfindən müsbət qarşılanmayan insanlar çoxluq təşkil edirlər. Efirlərdə şou, bayağı verilişlər, səhnə mədəniyyəti, etikadan kənara çıxma halları çox təəssüf ki, hələ də qalır. Bu proses təbii ki, bütün dünya televiziyalarında gedir. Amma biz istərdik ki, televiziya rəhbərləri bu məsələlərə xüsusi diqqət yetirsinlər. Azərbaycan əhalisini maarifləndirici, intellektual xarakterli verilişlərlə də təmin eləsinlər.

-İTV-də rəhbər dəyişdirildi. Sizcə, bunun veirilişlər və yaxud başqa məsələlərə müsbət mənada təsiri oldu?


Təbii ki, bu suala cəmiyyət, ictimayyət nümayəndələri cavab verməlidir.

-Məşhur "Bu zalım dünyada doğulma (Amaci) serialının Azərbaycan versiyası çəkilir. "Anaya adlanan fenomen layihə yeni sezonda Space TV-də yayımlanacaq. Xarici serialların oxşarını Azərbaycanda çəkmək düzgündürmü?

-Normal bir prosesdir. Burada hər hansısa problem yoxdur. Ölkəmizdə, Azərbaycan dilində çəkilirsə, bu qanuna uyğundur. Azərbaycanda serialların yayımında ATV və Xəzər Televiziyası daha çox fəallıq göstərir. İldən-ilə serialların səviyyəsi artır. Yəni, yerli serialların olması vacibdir. Hesab edirəm ki, televiziya kanalları öz yerli, milli seriallarını çəkməkdə maraqlı olmalıdır.

- Ötən illərdə olduğu kimi, bu il də yerli serialların çəkilməsi üçün dövlət tərəfindən vəsait ayrılması nəzərdə tutulurmu?

-Hələ ki, bu məsələ gündəlikdə deyil.

-Bəs, yeni kanalların açılması gözlənilir?

-Mən hesab edirəm ki, Azərbaycanda televiziya kanallarının sayı kifayət qədərdir. Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümumrespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) müddətsiz lisenziya verilib. Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla respublika üzrə yayımlanan telekanalların sayı 11-ə çatacaq. Bundan sonra ölkəmizdə yeni telekanalın açılmasına ehtiyac qalmayacaq.

-İran radio kanallarının yerli radio kanallarımızı cənub bölgəsində sıxışdırıb çıxarmasının şahidi oluruq. Bunun qarşısını necə almaq olar?

-Bunun qarşısını almaq o qədər də asan məsələ deyil. Bilirsiniz ki, sərhəd zonalarında yerləşən ərazilərdən 70-80 kilometr aralığa qədər qonşu ölkələrin tezlikləri fəaliyyətdə ola bilər. Eyni zamanda bizim radiolar qonşu İran və digər ərazilərdə eşidilir. Yəni, bu normal bir prosedurdur. Bəzən İran tərəfdən ötürücülər o qədər güclü olur ki, nəinki 70-80 km, hətta 100-150 kilometrə qədər də gəlib çatır. Bunun səbəblərindən biri bizim radio kanallarının maddi imkanlarının zəif olmasıdır. Çox təəssüf ki, radio kanallarımız regionlarda daha güclü ötürücü qoymurlar. Çünki, bu çox böyük maddi vəsait tələb edir. Əgər radio kanallarımız güclü ötürücü qoyarlarsa, yayımdan tezliklər vasitəsilə İran radiolarını sıxışdırıb çıxara bilərlər. Radioların maddi vəziyyəti ürəkaçan deyil. Rayonlarda yayıma görə, bəzi özəl radio kanalları ödəniş edə bilmirlər. Ona görə rayonlar da öz yayımlarını dayandırmaq istəyirlər. Bu da yaxşı xəbər deyil.

-Dövlət tərəfindən sözügedən radio kanallarına maddi dəstəyin göstərilməsi nəzərdə tutulur?

-Mən sözügedən radioların adlarını çəkmək istəmirəm. Hər halda belə bir məsələ artıq gündəmə gəlib. Azərbaycanda bazar iqtisadiyatı hökm sürür. Ölkəmizdə özəl kanallar kimi, özəl radiolar da fəaliyyət göstərir. Onlar işlərini özləri qurmalıdırlar. Hazırda dövlət tərəfindən maddi durumu aşağı olan radio kanallarına dəstəyin göstərilməsi gündəmdə deyil.


Amid Əyyuboğlu