"Azərbaycan Prezidenti İlham Əliyevin adına Gəncədə ehsan süfrəsi açılacaq. Bu sözləri Unikal.org-a müsahibəsində "İmamzadə ziyarətgah kompleksinin imamı Hacı Tahir Abbaszadə bildirib. İmam Gəncədə dini vəziyyət, Aşura gününə hazırlıq və digər bu kimi məsələlərdən danışıb.

-Hacı, Gəncədə Məhərrəm ayı necə qeyd edilir?

-Sentyabr ayının 11-dən Azərbaycanın digər rayon və kəndlərində olduğu kimi, Gəncə şəhərində də dindarlar Məhhərrəm ayını qeyd edirlər. Hər axşam dindarlarımız İmamzadə ziyarətgahının Hüseyniyyə (kişilər) və Zeynəbiyyə (qadınlar) böyük zallarında mərasim keçirirlər. Məhrrəmlik ayı ilə bağlı məscidlərdə lazımi qədər yüksək səviyyədə dini tədbirlər keçirilir. Şəhər məscidlərində dindarlarımız özləri qərar verib ki, məzhəb şəklində dini tədbirlər İmamzadədə olsun. Çünki İmamzadə şəhərimizdə 1400 ilə yaxın yaşı olan müqəddəs ziyarətgah ocağıdır. Burada peyğəmbərimizin 5-ci nəvəsinin qəbri var. Bu qəbrin ətrafında İmam Hüseynin (ə) yası keçirməyi daha üstün tuturlar. Hər axşam insanlar tərəfindən burada ehsanlar verilir.

-Gəncədə dini vəziyyəti necə qiymətləndirirsiniz?

-Şəhərdə dini ab-hava çox yüksəkdir. Ötən illərə nisbətən bu il dindarların əhval-ruhiyyəsi çox yüksəkdir. Dindarlarımız dövlətimizin dinimizə böyük qayğısını da görürlər. İmamzadə ziyarətgahında və digər məscidlərdə yüksək səviyyədə tədbirlərimiz keçirilir. Heç bir problem yoxdur.

-Məscidlərin mühafizəsi necə təşkil edilir?

-Dindarlarımız öz aralarında mühafizəçilər də yaradıblar. Onların vasitəsilə burada təhlükəsizlik təmin edilir. Dindarlarımız özlərini İmam Hüseyn xidmətçisi kimi hiss edirlər. Şahsevənlər məscid axundunun başçılığı ilə hər axşam burada İmam Hüseyn (ə) xatirəsinə həsr olunmuş dini mərasimlər keçirilir. Şah Abbas, Qazaxlar, Qırıxlar məscidində namaz qılınan kimi dindarlar hər axşam İmamzadə məscidinə yığışıb gəlirlər.

-Gəncənin yeni icra başçısının dindarlarla görüşündən də danışardınız...

-Məlumat verim ki, Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Aşurə öncəsi şəhərdə olan bütün məscidləri ziyarət edib. İcra başçısı Məhərrəmlik ayının başlanması ilə əlaqədar "İmamzadə" ziyarətgahında oldu. O, ziyarətgah ətrafında təmizlik işlərinin aparılması, işıq dirəklərinin yenilənməsi, yaşıllıqların bərpası üçün göstəriş verdi və dərhal işin icrasına başlanıldı. Niyazi Bayramov bundan başqa, Gəncə şəhərində yerləşən iki məsciddə təmir-bərpa işlərinin aparılması barədə də tapşırıq verdi. Artıq Qazaxlar məscidində təmir başa çatıb və tez bir zamanda dindarların ixtiyarına verildi.

-Məhərrəm ayı başladığı gündən məscidlərdə hər hansı bir təxribat xarakterli hadisələr qeydə alınıbmı?

-Xeyr. Şükürlər olsun ki, Məhərrəm ayı başladığı gündən hər hansı bir təxribatçı hadisələrə rast gəlməmişik. Gəncədə dindarlar arasında təxribatçı yoxdur. Təxribatçılar ətrafdan və başqa-başqa yerlərdən gələnlər olur. Hər regionun özünəməxsus məhərrəmlik, Aşura keçirmək adəti olduğu kimi, Gəncənin də bununla bağlı ənənəsi var. Bu gün bu ənənə cənub və şimal regionundan çox fərqlənir. Sözügedən ərazidən hər hansı bir dindarın gəlib, burada yeni ənənəni qoyması eybəcər görünür. Buna təxribat demək olmaz!. İmamazadə ziyarətgahı barışıq, vəhdət, qardaşlaşmaq yeridir. Cinayətkar da burada yalnız tövbəyə gələ bilər. Hər hansısa cinayətkarın İmamzadəyə gəlib təxribat törətməsinə inanmıram. Təxribatlar yalnız xaricə bağlı olan insanlar tərəfindən törədilə bilər. Bunu şəhərimizdə necə ki 10 iyul tarixində şahidi olduq! Həmçinin, Ermənistandan gələn çağırışları da gördük. Amma bütün bu təxribatların qarşısını xalq alacaq. Xalqımız da Şükürlər olsun ki, ayıqdır. Bütün Gəncə camaatı istəyir ki, məhərrəmlik burada yüksək səviyyədə keçirilsin və hər hansı bir insident baş verməsin. Məhərrəmliyi də, Aşuranı da yüksək səviyyədə keçirəcəyik. Burada insanlara hər cür xidmət göstəriləcək. Bu günləri buraya gələn insanlara ehsan kimi çay da, çörək də verəcəyik. İnşallah, İmam Hüseyn (ə) adına layiq şəkildə tədbirlərimiz keçiriləcək.

-Aşura günü azyaşlıların məscidlərə gəlməsini necə qiymətləndirirsiniz?

-Aşura günü uşaqların mərasimlərə gətirilməsini xoş qəbul eləmirik. Çünki, "Aşura günü uşaqların məscidlərə gəlməsi məqsədəuyğun deyil. Həmin gün burada çoxsaylı insanlar olacaq. Bunu nəzərə alaraq yaşlı insanların da buraya gəlməsi məqsədəuyğun hesab etmirik. Onlar yaşlı insanlardır, insan izdihamı olan yerə daxil olarlarsa, səhhətlərində problemlər, neqativ hallar yaşana bilər. Onlar yaxşı olar ki, Aşura günündən sonra məscidlərə gəlsinlər.

-Aşura günündə Gəncədə zənvcir vurma, baş çapmaq kimi ənənələr varmı?

- Bizdə bidətçilərə yer yoxdur. Artıq bir neçə ildir ki, Gəncədə zəncir vurmaq, baş yarmaq kimi hərəkətlərə yol verilmir. İnsanlar adi qaydada Məhərrəmlik ayinlərini icra edirlər. Həmçinin, bu cür məsələlər nəzarət altında olur. Məhərrəm ayını dini şəriətin qanunlarına və Qafqaz Müsəlmanları İdarəsinin Fətvasına uyğun şəkildə keçiririk. Bizdə yalnız qanvermə aksiyası keçiriləcək. Bu da xoşməramlı hadisədir. İmam Hüseyn (ə) mərasimi gəncəlilərə xas keçiriləcəkdir. Bu nədir? Xeyirəçilik, yardımlaşmaq, bayramlaşmaq, kömək etmək, xəstənin qayğısına qalmaq və qocaya qayğı göstərmək və digər. Bu gün bizim qarşımızda Ermənistan adında düşmən dayanıbdır. 25 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır. Ədalətimiz tapdanıb. Bizdə İmam Hüseynin (ə) ədalət davamçısı olaraq Gəncə şəhərində bundan danışıb, erməniləri ifşa edəcəyik. Düşmənlərin Azərbaycan xalqına tutduğu divanı, onların törətdiyi Xocalı soyqrımını insanlara bir daha xatırladacağıq. Ali Baş Komandan İlham Əliyevin əmri olduğu zaman, işğal altında olan torpaqlarımızı azad etmək üçün gənclərimizi hər zaman döyüşə hazır olmaları istiqamətində təbliğatımızı aparacağıq. Biz əsasən, Dağlıq Qarabağın düşmən tapdağı altında olduğunu, vətən uğrunda minlərlə insanın şəhid verildiyini gənclərimizə aşılayırıq. Gənclərimiz bilsinlər ki, İmam Hüseynin (ə) Kərbəla faciəsinə bərabər Azərbaycanımızın faciələri var. Bu faciələri yad edirik. Öz şəhidlərimizi insanlarımıza aşılayıb vətənpərvərlik məktəbi yaradırıq.

-Şəhərin məscidlərində məhərrəmlik ayında ehsan süfrələri necə təşkil edilir?

-İmamzadə ziyarətgahına gələn insanlara hər zaman çay veririk. Bəzən uzaqdan bura ziyarətə gəlib, qalan insanlar da olur. Bunun üçün burada ehsan süfrələri daim olur. Burada İmam Hüseyn (ə) adına verilən heç bir ehsan qadağa olunmur. Bu yalandır, şayiədir. Belə yalan məlumatlar yaymaq olmaz. Burada bir stəkan çay, hətta bir xurma vermək də ehsan sayılır. Bu gün bəzi insanlar evdə halva çalır və bunu yuxa arasında insanlara yemək üçün paylayırlar. Bunlar niyyət əsasında baş verir. Bu niyyət illərlə, nəsillərdən gələn bir ənənədir. Şəhər rəhbəri də göstəriş verib ki, Gəncə əhalisinə xas olan qaydada dini mərasimləri keçirib, ehsan süfrələri açaq. İnşallah şəhər rəhbərliyi İmamın 7-si günü dövlət başçısının adından da Gəncədə ehsan süfrəsi açacaq.