Sentyabrın 18-də Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur gömrük postundan keçərək Rusiya Federasiyasına müxtəlif təyinatlı yüklər aparan bəzi nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində problemlər yaranıb.

Unikal.org xəbər verir ki Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, həmin nəqliyyat vasitələrindəki yükün miqdarı çəki baxımından normadan artıq olduğundan Rusiya Federasiyasının müvafiq qurumları həmin avtomobilləri ölkə ərazisinə buraxmır.

Nəticədə normadan artıq yük aparan nəqliyyat vasitələri Azərbaycan-Rusiya sərhədində gözləmək məcburiyyətində qalıblar.

Dövlət Gömrük Komitəsi bildirir ki, mövcud problem ölkəmizin gömrük orqanlarının fəaliyyəti ilə əlaqədar deyil. Eyni zamanda bildiririk ki, komitənin müvafiq qurumları tərəfindən Rusiya Federasiyasına yük daşıyan nəqliyyat vasitələrinin sürücülərinə yükün miqdarına dair tələblərə ciddi şəkildə riayət edilməsi tövsiyə olunsa da bəzi hallarda bu xəbərdarlıqlara məhəl qoyulmur.

Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının Federal Gömrük Xidməti və müvafiq qurumları ilə məsələnin həlli istiqamətində danışıqlar aparır.