19 sentyabr 2018-ci il, Bakı - 31 avqust 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,127.1 mln. manat, kredit portfeli 11,905.5 mln. manat, cəmi öhdəlikləri isə 24,077.5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,049.6 mln. manat olub.

Unikal.org xəbər verir ki, 2018-ci ilin avqust ayı ərzində bank sektorunun aktivləri 0.7% (196.4 mln. manat), öhdəlikləri 0.3% (79.2 mln. manat), balans kapitalı isə 3% (117.2 mln. manat) artıb. Bank sektorunda kredit aktivliyi davam edir. Avqust ayında bankların kredit portfeli 1.2% (135.9 mln. manat) artıb. Ümumilikdə cari ilin əvvəli ilə müqayisədə kredit portfeli üzrə 5% (567.9 mln. manat) artım olub.

Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri avqust ayı ərzində 0.2% (13.8 mln. manat) artıb. Ümumilikdə isə cari ilin avqust ayında fiziki şəxslərin əmanətləri 0.4% (28.6 mln. manat) azalaraq 7,939.9 mln. manat təşkil edib.

Bank sektoru cari ilin 8 ayı ərzində 441 mln. manat əməliyyat mənfəəti, 103.8 mln. manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 468 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti avqust ayı ərzində 0.4% (61 nəfər) artaraq 16 936 nəfər təşkil edib. Ümumilikdə isə ilin əvvəlindən sektorda çalışanların sayı 4.7% (765 nəfər) artıb.