"Təhlükəsizlik və sabitliyin qorunması Avrasiyada inklüziv rəqəmsal inkişafa nail olmaq üçün vacib bir şərtdir. Lakin hazırkı reallıqlar şəraitində, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafına və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı məhdulaşdırır və daraldır".

Unikal.org xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumu tərəfindən keçirilən yeni çempionların illik görüşündə Avrasiya panelində inklüziv rəqəmsal inkişafa çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir: "Beləliklə, biz hələ daha da geniş əhatəli və hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik".

E.Məmmədyarov deyib ki, yeni texnologiyaların sürətli inkişafı insanlara və ölkələrə iqtisadi və sosial sahələrdə yeni imkanlar yaradır: "Bununla yanaşı, həmin proses kiber hücumlar və iş yerlərinin itirilməsi kimi yeni çağırışlar və təhdidlər gətirir. Bu çətinliklərlə üzləşərkən dövlətin üzərinə böyük məsuliyyət düşür. Beləliklə, vəziyyət düzgün qiymətləndirməli və vətəndaşların bu kimi təhdidlərdən qorunması üçün lazımı ölçülər götürülməlidir".