Şərqi Afrikada Tanzaniya, Keniya və Uqandanın sərhədində yerləşən Viktoriya gölündə baş verən gəmi qəzası nəticəsində bu günə qədər ən azı 42 cəsəd çıxarılıb.

Unikal.org xəbər verir ki, 200-dən çox insan itkin düşüb.

Hadisə vaxtı gəmidə neçə sərnişinin olduğuna dair məlumat yoxdur. Gəmi ilə birlikdə sərnişinlərinin siyahısının da yer aldığı kitabça batıb. Tanzaniya tərəfindəki Ukora ve Bugolora adaları arasında sərnişin daşıyan gəmidə bəzi iddialara görə, 400-ə yaxın adam olub.

Xilasedicilərdən başqa, yüzlərlə könüllü itkin düşənlərin axtarışına çıxıb.

Qeyd edək ki, gölün Tanzaniya tərəfində analoji fəlakətlər tez-tez baş verir. 2012-ci ildə Zanzibar adasında gəminin batması nəticəsində 145 sərnişin boğulmuşdu.

2011-ci ildə isə Zanzibar sahillərində 200 adam ölmüşdü. 1996-cı ildə ölkənin tarixində ən ölümcül fəlakət qeydə alınıb. Gəmi qəzası nəticəsində 500-dən çox insan həyatını itirmişdi. (publika.az)