Soydaşlarımızın səbirsizliklə gözlədiyi "Vətən uzaqda deyil ixtisaslaşmış televiziya proqramı fəaliyyətə başlayır. Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə layihəsi olan "Vətən uzaqda deyil diaspor proqramının ilk buraxılışı sentyabrın 24-dən 25-nə keçən gecə saat 00.10-da yayımlanacaq.

Komitədən Unikal.org-a verilən məlumata görə, ilk buraxılışda "Cümhuriyyətun 100 illiyi Diaspor Gənclərinin I Yay düşərgəsindən bəhs ediləcək. 37 ölkədən gəlmiş gənclərin Yay düşərgəsi və Azərbaycan haqqında təəssüratları, diaspor gənclərinin gələcəyə baxışı, ölkəmizdə və xaricdə yaşayan gənclərin maraqlı debatı, diaspor gənclərini vətənə bağlayan tellər və s. kimi məsələlərlə ilk buraxılışda tanış ola bilərsiniz.

Layihənin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, soydaşlarımızı maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında, eləcə də soydaşlarımızla tarixi vətənləri arasında etibarlı körpü yaratmaqdan ibarətdir.

"Vətən uzaqda deyil TV layihəsinin buraxılışlarını Dövlət Komitəsinin onlayn "Diaspor TV ünvanında da izləyə bilərsiniz.