"Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur".

Unikal.org-un  məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, həmçinin qarşılıqlı investisiyalarla əlaqədar layihələr həyata keçirilir: "Biz burada da müsbət dinamikanı görürük. Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur. Biz, mənim Rusiya Federasiyasına rəsmi səfərim çərçivəsində "Rossneft ilə SOCAR şirkətləri arasında əməkdaşlıq barədə mühüm sənəd - müqavilə imzaladıq. Eləcə də, 20 ildən artıqdır ki, Azərbaycanda "LUKoil şirkəti uğurla işləyir, bizim üçün mühüm investordur. Elektroenergetika sahəsində bizim enerji sistemləri paralel rejimdə işləyir. Biz mənim sentyabr səfərim çərçivəsində yüksəkgərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi ilə bağlı məsələləri müzakirə etdik. Bu xəttin tikintisi elektrik mübadiləsini daha çox nizama salmağa və bu sahədə üçüncü ölkələrlə əlaqələri genişləndirməyə imkan verəcək".