Toqquşma nəticəsində ümumilikdə 20 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, onlardan 7-si qadın, 10 kişi, 3-ü uşaqdır.

Yaralılardan 11 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb, onlardan biri yolda ölüb.

***15:25

Xəbər verdiyimiz kimi, Bakıda Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib. Qəza nəticəsində 9 yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılır. 13 yaşlı məktəbli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

***
Toqquşma nəticəsində ümumilikdə yaralananların sayı 22 nəfərə çatıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralılardan 5-i uşaqdır.

***15:42

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Unikal.org-a bildirib ki, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

O qeyd edib ki, hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

16:19

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Unikal.org-a açıqlamasında bildirib ki, Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərlə 27 nəfər xəstəxanaya yerləşdirilib. 7 nəfər isə özü müraciət edib. Ümumilikdə xəsarət alanların sayı 34 nəfərə çatıb. Xəsarət alanlardan 5-nin vəziyəti ağırdır. Onlardan 2-si travmatologiya, 3-ü isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qalan 29 nəfər isə Sabunçu xəstəxanasına yerləşdirilib. 1 nəfər isə dünyasın dəyişib.