Qaxda yük avtomobilinin yoldan çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-dən 3-nə keçən gecə saat 03:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 87-ci kilometrliyində, Qax rayonu ərazisində baş verib.

Zaqatala rayon sakini, 1984-ci il təvəllüdlü Bəxtiyar Fazil oğlu Balayev "Mersedes markalı yük maşını ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alsa da, onun sərnişini Zaqatala şəhər sakini 1979-cu il təvəllüdlü Rəşadət Məmməd qızı Məmmədova aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdirilib.

Xəstəxanadan "Reporta bildirlib ki, Rəşadət Məmmədova hazırda Travmatologiya şöbəsində müalicə olunur. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.