Xızı rayonunda gəmidən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Unikal.org-a  DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, bu ilin aprel ayında Xızı rayon Polis şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində yerləşən "VİRİDE MMC-yə məxsus "Rusbot-85K" tipli gəzinti təyinatlı gəmidən oğurluq edilməsi barədə müraciət olunub. Məlumatla əlaqədar rayon polis şöbəsində yaradılan əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib. Araşdırmalarla adı çəkilən MMC-yə məxsus gəzinti təyinatlı gəmidən ümumi dəyəri 80 000 manat məbləğində dəyərləndirilən 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri, 1 ədəd akkumlyator və 1 ədəd uzaqdan idarəetmə cihazı oğurlanması müəyyən edilib.

Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluğu törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov olmaları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək aprelin 27-də axşam saatlarında gəzinti təyinatlı gəmidən 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri, 1 ədəd akkumlyator və 1 ədəd uzaqdan idarəetmə cihazı oğurlayaraq Vidadi Abasova məxsuz "VAZ-2106 markalı avtonəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşdırlarını bildiriblər.

Dəstə tərəfindən oğurlanan 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Xızı Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam edir.