Bu gün Argentinanın paytaxtı Buenos-Ayresədə start götürəcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanın bayraqdarının adı açıqlanıb. 

Unikal.org xəbər verir ki, açılış mərasimində Azərbaycan bayrağını boksçu Nurlan Səfərov daşıyacaq.

Qeyd edək ki, Azərbaycan Oyunlarda 17 idmançı, ümumilikdə, 40-a yaxın nümayəndə heyəti ilə təmsil olunur. İdmançılar gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis növlərində mübarizə aparacaqlar.

Cənubi Amerikada üzgüçü Fatimə Alkərəmova (bütün yarış növləri), stolüstü tenisçi Ninq Jinq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63 kq), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), sərbəst güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov (üçtəkanla uzununa tullanma) və Fəxriyyə Tağızadə (qaçış 100 m) yarışacaq.