Mərhum "qanuni oğru" Rövşən Canıyevin ("Rövşən Lənkəranski") yaxın adamı, kriminal aləmdə "Zaur Naxçıvanski" adı ilə məşhur olan, 32 yaşlı azərbaycanlı "kriminal avtoritet" Zaur Şipilov azadlığa buraxılıb.

Unikal.org bildirir ki, bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə məlumat verib.

Şipilov narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə azadlıqdan məhrum edilib. Qeyd edək ki, o, 2006-cı ilin aprelində Moskvada "qanuni oğru" Hikmət Muxtarovla (Sabirabadlı Hikmət) birlikdə güllələnmiş kriminal avtoritet Bayram Talıbovun oğludur. Şipilov 2013-cü ilin iyulunda Türkiyədə "taclandırılıb".

"Naxçıvanski" 2015-ci ilin oktyabrında Moskvanın Çertanovo rayonundakı "Çayxana" restoranında Rusiya DİN Cinayət-axtarış Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi baxış keçirilən zaman "qanuni oğru"nun üzərində böyük miqdarda heroin aşkarlanıb.

Sputnik Azərbaycan-ın daha əvvəl verdiyi məlumata görə, Şipilov Rusiya DİN-in fəal "qanuni oğru"lar siyahısına (siyahıya 432 nəfər daxildir, onlardan 318-i azadlıqdadır, 114-ü həbsdədir, 31-i istintaq altındadır, 19-u axtarışdadır) daxildir.

Hüquq-mühafizə orqanlarının "qara siyahı"sına həmyerlimiz olan bu "qanuni oğrular"ın adları daxildir: Nadir Səlifov (Lotu Quli), onun qardaşı Namiq Səlifov, Hacıbaba Talıbxanlı ("Hacı Beyləqanski"), Yunus Nəzərov ("Yunus Bakinski"), Arif Mehdiyev ("Arif Sumqayıtski"), Vaqif Süleymanov ("Diplomat Vaqif"), İlqar Əliyev, Cavid Məmmədov ("Dato Ağcabədinski"), Taleh Dağlıyev ("Tolik Noqinski"), Emin Əhmədov (E"min Hacıqabulski"), Rafet Əmirov ("Rafet Əlibayramlinski"), Rəşad İsmayılov ("Rəşad Gəncinski"), Əli Heydərov ("Albert Rıji"), Yusif Əliyev ("Yusif Şamxorski"), Zaur Şipilov ("Zaur Naxçıvanski" və Ülfət Tağıyev ("Rüfət Gəncinski").

Onlardan hal-hazırda Rusiyada dəmir barmaqlıqlar arasında İlqar Əliyev, Taleh Dağlıyev, Emin Əhmədov, Əli Heydərov və Ülfət Tağıyev yatır.

Qeyd edək ki, Şipilov Rusiya vətəndaşıdır və buna görə də ölkədən çıxarılmayacaq.