"Bakı şəhərində bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. Bu layihələr nəticəsində ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq. Görülən işlər nəticəsində ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında "İctimai WiFi istifadəyə verilib.

Unikal.org xəbər verir ki, bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub: "Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib.

Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir.

Qeyd etmək lazımdır ki, hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb. Ali diqqətinizə çatdırmaq istəyirəm ki, beynəlxalq səs trafikinin etibarlığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib.

Ramin Quluzadə vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən yeni fiber-optik magistralın yaradılmasını nəzərdə tutan Trans-Avrasiya Super İnformasiya Magistralı - TASİM layihəsi üzrə müvafiq danışıqlar davam etdirilir: "TASİM Konsorsiumuna daxil olan dövlətlərin operatorları arasında layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı artıq protokol imzalanıb.

İKT-nin geniş tətbiqi, informasiya mübadiləsinin həcminin artması, məlumatların vahid mərkəzdə və təhlükəsiz saxlanması ölkədə Data Mərkəzin yaradılmasını zəruri edib. Sevindirici haldır ki, regionun ən təhlükəsiz və müasir standartlara cavab verən Data Mərkəzi Azərbaycanda qurulub. Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TIER III yüksək təhlükəsizlik standartlarına cavab verir. Mövcud Data Mərkəzdəki məlumatların qorunma təhlükəsizliyini artırmaq məqsədilə Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin tikintisinə başlanılıb.

Ölkəmizdə "Açıq Hökumət Məlumatlarının geniş tətbiqinə başlanılıb və Açıq Hökumət Məlumatları Portalı yaradılıb. Hesabat dövründə portalda olan açıq məlumatların sayı 655-ə çatdırılıb.

Elektron mühitin inkişafında önəmli rolu olan elektron imzadan istifadənin genişlənməsi ilə yanaşı, imzaların dövlətlərarası qarşılıqlı tanınması istiqamətində işlər aparılır. Cari ildə Türkiyə Respublikası ilə elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə "Şəbəkə xidmət mərkəzləri yaradılır. Hesabat dövründə 7 yeni Şəbəkə xidmət mərkəzi istifadəyə verilərək Bakıda və regionlarda onların sayı 10-a çatdırılıb. Gələcəkdə bu layihə davamlı olaraq həyata keçiriləcək. Telekommunikasiya və poçt sahəsində vətəndaşların müraciətlərini operativ və keyfiyyətli cavablandırmaq üçün yeni vahid Çağrı Mərkəzi yaradılıb.

Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və Azərpoçt tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçt daşımaları "Silk Way və "Azal aviaşirkətləri vasitəsilə həyata keçirilir.

Keyfiyyətin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə ölkəmizin bütün ərazisində televiziya yayımı tam olaraq rəqəmli rejimə keçirilib. Bununla da Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə müəyyən etdiyi öhdəlik yerinə yetirilib. Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün hesabat dövründə yeni alternativ "Gənclik teleqülləsi istifadəyə verilib.

Cənab Prezident, fəaliyyətimizin əsas istiqamətlərindən biri də İKT sahəsinə marağı artırmaq və gənclərin innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdir. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu məqsədlə keçirdiyi 6 müsabiqə üzrə ümumilikdə 117 layihəyə qrant ayırıb. Eyni zamanda, Fondun vəsaiti hesabına sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilir.

Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında müasir standartlara cavab verən yeni İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı işlərə start verilib. Mingəçevir Yüksək Texnologiyalar parkında isə kompüter avadanlıqlarının istehsalı üzrə layihə icra olunmaqdadır.

Azərbaycan 2001-ci ildən etibarən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvüdür. Ölkəmizdə regionun ilk nüvə sterilizasiya qurğusu yaradılıb. Bu qurğu tibbi ləvazimatların, ərzaq məhsullarının, kənd təsərrüfatı məhsullarının dünya praktikasında mövcud olan ən təhlükəsiz şəkildə sterilizasiya edilməsinə imkan verir.

Nazirin sözlərinə görə, bu il mayın 14-də açılışı olmuş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi olmaqla, bölgənin əhəmiyyətli tranzit nöqtəsinə çevrilib: "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması, habelə gəmilərin standartlara uyğunluğunun yoxlanması, dəniz üzgüçülüyünün təhlükəsizliyi və liman nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılmaqdadır.

Qeyd edim ki, 2017-2018-ci illərdə hava, avtomobil, su, dəmir yolu nəqliyyatı sahəsində 12 ölkə ilə 15 Saziş və Memorandum imzalanıb. Beynəlxalq sərnişindaşıma ilə bağlı 25 istiqamət üzrə müntəzəm beynəlxalq marşrut rəsmiləşdirilib. Avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşımalar üzrə tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Ümumilikdə nəqliyyat sektoru üzrə artım tempi ötən 9 ay ərzində 1,3 faiz olub.

Cənab Prezident, Sizin diqqət və qayğınızla mülki aviasiya sahəsində böyük uğurlar əldə olunub. Hazırda Azərbaycanda müasir standartlara cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.

Regionda alternativi olmayan Avropa və Asiya Arasında Hava Axınlarının Optimallaşdırılması Mərkəzi bu il istifadəyə verilib. Məhz bu üstünlüyə görə xarici aviaşirkətlər hər hansı məcburi eniş zərurəti yaranarkən bizim hava limanından istifadə edirlər.

Aviasiya təhlükəsizliyi üzrə qəbul edilmiş Dövlət Proqramının icrası uğurla həyata keçirilir. Azərbaycan uçuşların təhlükəsizliyi üzrə ən yüksək 1-ci kateqoriya statusunu bu il yenidən saxlayıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı bu il 5 ulduz statusu ilə dünyanın ən möhtəşəm hava limanları siyahısına daxil edilib.