Azərbaycanda əksər tibbi cihazların içlikləri, təlimatları istehsal edildiyi ölkənin dilinə uyğun olur. Bu isə həmin dili bilməyənlər üçün çətinliklər yaradır. Bəs təlimatlar niyə öz dilimizə tərcümə edilmir?

Unikal.org bildirir ki, şəkərli diabet və təzyiq problemi olan vətəndaşlar evlərində fərdi olaraq müxtəlif vasitələrdən istifadə edirlər. Müşahidələr onu göstərir ki, istər elektron, istərsə də mexaniki təzyiq və şəkərölçən vasitələrin içlikləri xarici dildədir. Daha çox rus, ingilis dilində olan təlimatlara rast gəlinir.

Təlimatda cihazdan istifadə qaydaları ətraflı şəkildə izah edilir. Amma xarici dil bilgisi zəif olanlar həmin tibbi vasitədən düzgün istifadə edə bilmirlər. Ona görə də vətəndaşlar dərmanlarda olduğu kimi geniş yayılmış xəstəliklərin dərəcəsini yoxlamağa imkan verən cihazların təlimatlarının ana dilində olmasını istəyirlər.

Səhiyyə Naziryinin Analitik-Ekspertiza Mərkəzindən verilən məlumata görə, tibbi vasitələrin idxalına icazə almaq üçün onun mənşə serifikatı, keyfiyyət sertifikatı, alqı-satqı haqqında müqaviləni təqdim etmək lazımdır. Bu sənədlərdən hər hansı olmadıqda idxala icazə verilmir. İstifadə qaydasının Azərbaycan dilində olması tələbi yoxdur.