21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.

Unikal.org-un məlumatına görə, 5-ci qrupun görüşündə rəqib Norveç yığması olub.

Drammen şəhərindəki "Maryenlist" stadionunda təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bolqarıstanlı referi Volen Çinkov 9-cu dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin edib. Fəhmin Muradbəyli bu şansdan yararlanmağı bacarıb. Lakin qələbə hesabını qorumaq mümkün olmayıb. 76-cı dəqiqədə Leo Ostiqard bərabərlik qolunu vurub.

Beləliklə,Rəşad Sadıqovun baş məşqçi olduğu yığma qrupu 10 oyundan 3 xalla sonuncu pillədə başa vurub. Xallarını 15-ə çatdıran Norveç isə qrupu ikinci yerdə tamamlayıb və "play-off"a vəsiqə şanslarını qoruyub.

Qrupun digər oyunlarında İsrail Kosovoya 3:0, Almaniya İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib.

Ötən ay Bakıda keçirilmiş görüşdə Azərbaycan Norveçə uduzmuşdu - 1:3.