Tərtər rayonu Mədəniyyət evində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib. Zona toplantısına Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan rayonların gəncləri qatılıblar.

Unikal.org xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov , Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahat mərkəzinin həkimi Lətafət Dadaşova, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsi üzrə baş məsləhətçi İlqar Pənahov habelə zonaya daxil olan rayon, şəhər gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.

Toplantı başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin qarşısında mərkəzi meydanda hərbçilər xüsusi hazırlıqları nümayiş etdiriblər.

Sonra toplantı iştirakçıları Ümummilli lider Heydər Əliyevin heykəli önündə gül dəstələri qoydular.
Tədbirin davamı olaraq qonaqlar və toplantı iştirakçıları gənclərin əl işlərindən ibarət təşkil olunmuş sərgi ilə tanış olublar.

Sərgi ilə tanışlıq bitdikdən sonra rayon Mədəniyyət evində Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantısı öz işinə başladı. Toplantıda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev toplantı iştirakçılarını salamladılar. Rəsmi çıxışlar bitdikdən sonra zona toplantısının işində əlaqədar dövlət qurumlarının ekspertlərinin iştirakı ilə müzakirələrə başlandı.

Səhiyyə Nazirliyinin nümayəndəsi Lətafət Dadaşova "Gənc nəslin sağlamlığının qorunması, qeyri infeksion xəstəliklərə yoluxmanın qarşısının alınması və səhiyyədə ən son texnologiyalar mövzusunda, Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov Gənclər Fondunun fəaliyyəti, qrantlar və müsabiqələr , yeniliklər barədə toplantı iştirakçılarına geniş məlumat verdilər.

Ekspertlərin çıxışları bitdikdən sonra toplantı iştirakçıları tərəfindən onları maraqlandıran çoxsaylı suallar verildi, fikir mübadiləsi aparıldı.

İclasda zonaya daxil olan rayon və şəhərlərdən olan Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiq edildi.

Rəsmi hissə bitdikdən sonra istedadlı gənclərin iştirakı ilə konsert proqramı təşkil edildi. Bununla da, Azərbaycan Gənclərinin VIII Forumunun keçirilməsi ilə bağlı Tərtər rayonunda keçirilən zona toplantısı işini bitirdi.