Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Unikal.org xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin zəngin tarixə malik olduğunu bildirib və bu gün ikitərəfli münasibətlərin bütün sahələri əhatə edərək uğurla inkişaf etdiyini deyib.

Ölkələrimizin ikitərəfli və çoxtərəfli formatda fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev son illər birgə səylər nəticəsində əlaqələrin yeni səviyyəyə yüksəldiyini qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Türkmənistan arasında siyasi sahədə fəal qarşılıqlı fəaliyyətin mövcud olduğunu deyib, ölkələrimizin digər istiqamətlərdə, o cümlədən nəqliyyat, energetika, mədəniyyət sahələrində də əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, bütün bunlar bizim uzun əsrlik qardaşlıq əlaqələrimizə əsaslanır və biz münasibətlərimizin gələcəyinə nikbinliklə baxırıq. Dövlət başçısı Azərbaycan ilə Türkmənistan və eləcə də xalqlarımız arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirərək Rəşid Meredovun səfərinin qardaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, ilk növbədə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ehtiramını dövlət başçısına çatdırıb. Xarici işlər naziri Rəşid Meredov bildirib ki, Türkmənistan dövlətinin başçısı Prezident İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmək barədə tapşırıq verib və o, Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunu dövlət başçısına təqdim edib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını və ən səmimi arzularını Türkmənistan Prezidentinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın və Türkmənistanın dövlət başçıları arasında mövcud olan dostluq əlaqələri ölkələrimizin münasibətlərinin inkişafında mühüm amildir.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

10:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.