Nəsimi Rayon Məhkəməsində Gəncədə polis zabitlərindən birinin qətlində ittiham edilən Fərrux Qasımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Qasımovun həbs müddəti daha 4 ay artırılıb.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumata görə, iyulun 10-da Gəncə şəhərində qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.

Daha sonra polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib. Rəşad Böyükkişiyev isə keçirilən əməliyyat zamanı məhv edilib.

Sentyabrın 28-də Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.