6 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxması ilə bağlı  video görüntü yayılıb.

BNA-dən Unikal.org-a verilən məlumata görə, müəyyən edilib ki, 17.10.2018-ci il tarixində Həsən Əliyev küçəsi ilə hərəkət edən "BakuBus MMC-yə məxsus avtobuslardan birində texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi yolda dayanmalı olub. Bu səbəbdən, həmin avtobusun arxa tərəfi ilə hərəkət edən avtomobillər, o cümlədən də 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu da qısa məsafəni qət etmək üçün əks hərəkət zolağına çıxıb. Texniki nasazlıq səbəbindən yolda dayanan avtobusu keçdikdən sonra nəqliyyat vasitəsi marşrut xətti üzrə müəyyən olunan zolaqla hərəkətini davam etdirib.

Məlumat üçün onu da bildiririk ki, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun əks yola çıxmasına dair sosial şəbəkələrdə görüntü yayan vətəndaşa araşdırmanın nəticəsi barədə məlumat verilib. Həmçinin, o, hadisənin bütöv şəkildə əhatə olunduğu görüntülərə baxmaq üçün "BakuBus MMC-yə dəvət edilib. Vətəndaş isə avtomobillərin və avtobusun əks yola çıxmasının səbəbini bildiyini deyərək, "BakuBus MMC-yə gəlməkdən imtina edib.