Azərbaycanın daha 6 idmançısı dopinqə görə cəzalanıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat yayıb. Onlar taekvondo üzrə milli komandanın üzvləridir. Belə ki, taekvondoçular Cavid Hüseynov, Samir Məhərrəmov, Yunis Məmmədzadə, Şəms İsayeva, Nərgiz Mirzəyeva və Ofeliya Allahverdiyevaya dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. İdmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onların hamısı 12 ay müddətinə diskvalifikasiya olunub.

Dopinqdə ilişən idmançıların  orqanizmlərində furosemid maddəsi aşkarlanıb. Onların cəzaları müvafiq olaraq, 4 aprel, 20 aprel, 25 aprel, 19 aprel və 19 mart 2018-ci ildən qüvvəyə minib. Bütün taekvondoçular Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandalarının üzvləri olub.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın 25 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.