"Football Leaks saytı bir neçə qalmaqallı məlumat açıqlayıb.

Unikal.org xəbər verir ki, 2016-cı ildə Avropanın nəhəng klubları yeni Superliqanın yaradılması ilə bağlı müzakirələr aparıblar. İdeya "Realın prezidenti Florentino Peresə məxsus olub.

İdeyaya görə, 2021-ci ildə Çempionlar Liqası ləğv edilməli və Avropanın 11 nəhəng klubu Superliqada mübarizə aparmalı imiş. Onlar 20 il müddətində toxulmaz olacaq, daha 6 klub isə Superliqaya qonaq qismində dəvət ediləcəkmiş. Ancaq UEFA gizli danışıqlardan xəbər tutub və top-klublara vəd edib ki, ÇL-də maliyyəni artıracaq.

Daha bir məlumatda isə FİFA prezidenti Canni İnfantinonun PSJ və "Mançester Sitiyə kömək etdiyi bildirilir. İnfantino hələ UEFA-nın baş katibi olarkən - 2011-2013-cü il mövsümlərinə görə PSJ ilə MS-nin cəzadan yayınmasına yardım edib. Həmin müddətdə hər iki klubun büdcəsində böyük kəsr olub və onları ağır cəza gözləyirmiş. Ancaq İnfantinonun sayəsində bu cəzadan qurtulublar.

Digər bir məlumatda bildirilir ki, Fransanın sabiq prezidenti Nikola Sarkozi DÇ-2022-yə ev sahibliyi hüququna yiyələnməkdə Qətərə kömək edib. Sarkozi 2010-cu ildə Qətər əmiri Tamim Əl Tani ilə görüşərək, ondan PSJ-ni almağı və Fransada idman kanalı açmağı (BeIN Sports) xahiş edib.

Sarkozi bildirib ki, bu xahişləri yerinə yetirilsə, Mişel Platini (həmin vaxt UEFA prezidenti idi) Qətərin DÇ-2022-yə ev sahibliyi etməsinə yardımçı olacaq.