Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinə (RPŞ) noyabr ayının 5-dən 8-dək olan müddətdə rayonun Qaracalar kənd qəbiristanlığında qəbrlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Qaracalar kənd sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Saatlıda RPŞ-də araşdırma aparılır.