Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Unikal.org-un məlumatına görə, açılış oyununda "Sabah" komandası "Səbail"i qəbul edib.

"Əlincə Arena"da keçirilmiş görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail" bütün qolları əks-hücumların yekununda vurub. 2-ci dəqiqədə hesabı açan Ruslan Qurbanov 27-ci dəqiqədə Kevin Kubemba, 57-ci dəqiqədə isə Yevgeni Koçuka məhsuldar ötürmə verib. Moldovalı hücumçu 77-ci dəqiqədə daha bir qol vuraraq, yekun nəticəni müəyyənləşdirib - 4:0.

Bu qələbə sayəsində xallarını 20-yə çatdıran "Səbail" 2-ci pilləyə yüksəlib. 16 xala malik "Sabah" isə 4-cü pillədə qalıb.

Günün digər oyununda "Neftçi" "Zirə"ni qəbul edəcək. Tura noyabrın 11-də keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Sumqayıt" - "Keşlə" matçları ilə yekun vurulacaq.