Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Unikal.org-a verilən məlumata görə, hərraca çıxarılan əmlaklardan 10-u üzrə 49 sifariş verilib. Özəlləşməyə çıxarılan dövlət əmlaklarından 3 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 6 nəqliyyat vasitəsi öz sahibini tapıb. Nəqliyyat vasitələrindən 5-i üzrə ümumilikdə 44 sifarişin verilməsi hərracda rəqabətli mühit yaradıb. Sifarişçilərin fəallığı "VAZ" markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətlərinin 2 dəfədən çox yüksəlməsinə səbəb olub.

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Əmlak kompleksinin ümumi faydalı sahəsi 1169 kv.m-dir. Bu kiçik dövlət müəssisəsi 2480 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Hərracda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən mağaza da özəlləşdirilib. Ümumi faydalı sahəsi 88.5 kv.m olan bu dövlət əmlakı xidmət sahəsi üzrə sahibi üçün gəlirli ola bilər. Tovuz rayonu, Dönük Qırıqlı kəndindəki 10 saylı təsərrüfatlararası təmir səyyar mexaniki dəstənin isə ümumi faydalı sahəsi 1009.9 kv.m-dir.

Qeyd edək ki, cari il ərzində komitə tərəfindən ümumilikdə 195-ə yaxın hərrac keçirilib. Özəlləşdirilən 550-ə yaxın dövlət əmlakından 55-i rəqabətli mühitdə öz sahibini tapıb. Bu günə qədər 95-ə yaxın vətəndaş hərraca çıxarılan dövlət əmlakları üzrə elektron formada sifariş verib, 20-ə yaxını isə onlayn formada hərracda iştirak edib.