Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Çinin xarici siyasətinin fəlsəfəsi" adlı elmi-tələbə seminarı keçirilib.

Unikal.org xəbər verir ki, seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov beynəlxalq problemlərin həllində siyasi və mənəvi amillərin qarşılıqlı təsiri, mədəniyyət diplomatiyasının həyata keçirilməsində Konfutsi İnstitutlarının rolu barədə danışıb. R.Abbasov həmçinin xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində çıxış edərək qədim mədəniyyətimizi, tariximizi və sənətimizi dünya miqyasında təbliğ etməyin vacibliyini qeyd edib.

Seminarda çıxış edən ADU tələbələri Konfutsizm ideyalarına və beynəlxalq əlaqələrdə siyasi məsuliyyət etikasına əsaslanaraq, Çinin xarici siyasətinin tarixi və fəlsəfi ənənələrindən danışıblar. Tələbələr həmçinin dünya siyasətinin çətin məsələləri üzrə kompromis və razılığa çatmaqda mənəvi amilin əhəmiyyətini qeyd ediblər.