Dövlət Komitəsi: Məhkəmələrdə alimentlə bağlı baxılan işlərin sayında azalma müşahidə olunur
"2014-ci ilin sonlarında Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin icraatında alimentlə bağlı 52 467 məhkəmə qərarı var idi. 2015-ci ilin I rübündə isə bu rəqəm 51 738 təşkil edir. Bu rəqəm bütün illər üzrə bu gün icra vəziyyətində olan sənədləri əhatə edir. Bura iki, üç il əvvəl qəbul edilənlər qərarlar da daxildir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Şöbə müdiri bildirib ki, məhkəmələrdə alimentlə bağlı baxılan işlərin sayında cüzi də olsa azalma müşahidə olunur: "2014-cü ildə alimentdən yayınmaya görə 1565 fakt üzrə inzibati məsuliyyətə cəlb edilmə olub. 2015-ci ilin I rübündə isə bu rəqəm 457 fakt təşkil edib. Eyni zamanda, alimentdən yayınmaya görə 2014-cü ildə 915 nəfərə, 2015-ci ilin birinci rübündə isə 274 nəfərə inzibati həbs tənbeh növü təyin edilib".

E. Səfərov qeyd edib ki, 2006-cı ildən etibarən Azərbaycanda boşanmaların sayı iki dəfə artıb: "Bu gün bağlanan nikahların təxminən 13-14 faizini boşanmalar təşkil edir. Boşanmalar nəticəsində də aliment mübahisələri baş verir. Bu gün alimentin ödənilməsi ilə bağlı çoxlu problemlər qalmaqdadır".