Angela

Yaxud, Almaniyanın Azərbaycana qarşı qərəzinin "memarı" haqda zəruri qeydlər...

Son aylar ərzində Almaniyanın ölkəmizə qarşı açıq şəkildə qərəz nümayiş etdirməsi iki ölkə arasında gərginliyi artırmaqdadır.
Xatırladaq ki, Azərbaycana qarşı aparılan kampaniyanın başında Almaniya dayanır və bu faktın özü də Berlinin ölkəmizə qarşı qərəzinin təsdiqidir. Almaniya kansleri Angela Merkelin sərgilədiyi qərəzli xarici siyasət nəticəsində Almaniya Azərbaycanın timsalında kifayət qədər güclü və etibarlı partnyorunu itirmək üzrədir.
Ümumiyyətlə isə Angela Merkelin sərgilədiyi riyakar "demokratizm" Azərbaycana qarşı tətbiq edilən əsas "silahlardan" biri hesab olunur. Amma artıq bu silahın "pas atdığı", Azərbaycana heç bir zərər verə bilməməsi də danılmaz reallığa çevrilib. Sadəcə olaraq, Almaniya bu kimi addımları ilə "ikili standartlar" xəstəliyindən azad oluna bilmədiyini növbəti dəfə təsdiqlədi.
Bu arada özlərini "demokratiya beşiyi" adlandıran Almaniyada Angela Merkelin 2017-ci ildən sonra da vəzifəsini qorumaqla bağlı qərar qəbul edilib. Bununla bağlı məlumatda deyilir ki, A.Merkel seçki kampaniyasına hazırlıq mövzusunu artıq hakim Xristian-Demokratik İttifaqının baş katibi Peter Tauber və partiyanın icraçı direktoru Klaus Şülerlə müzakirə edib. Rəsmi qərarın 2016-cı ilin əvvəlində açıqlanacağı gözlənilir. Xatırladaq ki, A.Merkel bundan əvvəl 2005, 2009 və 2013-cü illərdə Almaniyanın kansleri seçilib.
Amma bu kimi hallar, daha doğrusu hansısa rəhbər şəxsin bir neçə dəfə seçilməsi digər ölkələrdə yaşananda nədənsə Almaniya bunu "top-tüfənglə" qarşılayır, "demokratiyanın pozulması" kimi qələmə verilir. Maraqlıdır, eyni hal Almaniyada baş verəndə niyə bu "demokratiyanın təntənəsi", digər ölkədə yaşananda isə "demokratik prinsiplərin pozulması" kimi qələmə verilir? Baxın, budur Qərbin riyakar "demokratizmi", budur Almaniyanın əsl siması...
Almaniyanın Azərbaycana qarşı qərəzli siyasəti isə həm "Evrovizion" yarışması, həm də I Avropa Oyunları zamanında yenidən baş qaldırdı. Məhz ABŞ-ın təhriki və Merkelin birbaşa tapşırığı ilə anti-Azərbaycan kampaniyası Almaniyadan Avropa Parlamentinin platformasına keçirildi. Əslində, Avropa Parlamentinin Azərbaycana qarşı təzyiq mexanizmi qismində istifadəsi yeni taktika deyildi. I Avropa Oyunları ərəfəsində - iyunun 11-də yenə də Yaşılların birləşdiyi Avropa Azad Alyansının təşəbbüsü ilə "İdman və insan hüquqları" adlı dinləmələrin təşkil edilməsinin, bundan bir gün əvvəl ABŞ-ın məlum "qvardiyasının" alman "legionu" ilə birləşib etiraz aksiyası, mətbuat konfransı təşkil etməsinin arxasında kimlərin durduğu yaxşı bəllidir. Burada "ABŞ-Almaniya alyansı"nın silueti tam aydın göründü. Yəqin işin yaxşı təşkil edilməməsi və ya avroparlamentarilərin bir çoxunun müstəqil bir dövlətə qarşı oyun qurulduğunu başa düşməsinin nəticəsi oldu ki, ciddi cəhdlə təşkil olunmuş şou-maskarad iflasa uğradı.
Sual olunur: nəyə görə Avroparlamentdəki dinləmələr baş tutmadıqdan dərhal sonra - iyunun 12-də analoji dinləmələr Böyük Britaniya parlamenti, Fransa Senatı, Danimarka Folketinqi, İsveç Rikstaqında və ya başqa bir Avropa ölkəsinin qanunvericilik orqanında deyil, məhz Almaniya Bundestaqında keçirildi? Hansı səbəbdən "Azərbaycanda insan hüquqlarına riayət olunmasına dair tələblər" və "Azərbaycanda 2015-ci il Avropa Oyunları zamanı demokratiyaya, hüquqi dövlətə və insan haqlarına riayət olunması" adlı qətnamələrin müzakirəsində 631 deputatdan cəmi 35 nəfər iştirak edib? İki qətnamə cəmi 30 dəqiqə müzakirə olunub və 21 nəfər lehinə, 10 nəfər əleyhinə və 4 nəfər bitərəf qalmaqla qəbul edilib. Parlamentarizm tarixində bundan rüsvayçı və gülünc tamaşanı xatırlamaq çətindir. Görəsən ABŞ-ın Almaniya üzərində hökmü o qədər böyükdür ki, bir gündə həm strateji marağı olan müstəqil bir dövlətlə münasibətlərini korlayır, həm də ölkə parlamenti məzhəkə salonuna çevrilir?! Hər halda bu, Angela Merkel hakimiyyəti üçün əsl rəzalətdir.
Göründüyü kimi, məhz Almaniya hökumətinin qeyri-səmimiliyi, riyakar siyasəti səbəbindən Almaniya-Azərbaycan münasibətləri hazırda böhran vəziyyətinə düşüb. Artıq Vestervelle, Ştaynmayer və digər Almaniya rəsmilərinin bundan sonrakı vədlərinin də vəziyyəti stabilləşdirəcəyinə əminlik yoxdur. Əgər kansler Angela Merkel ikili oyun oynayırsa, özünü üzdə bir, arxada isə başqa cür aparırsa, hansı vədlərdən və səmimiyyətdən söhbət gedə bilər?!
l Avropa Oyunları zamanı əsasən Almaniya və digər Qərb ölkələrindən Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın təhlili bu prosesin necə həyata keçirildiyi, onun aktyorları, hədəfləri barədə dolğun təsəvvür formalaşdırmaq imkanı yaratdı. Qərəzli tənqidlərin əsas məğzini konkret cinayət əməllərinə görə həbs olunmuş ABŞ-ın Azərbaycandakı "5-ci kolon" üzvlərinin azadlığa buraxılmasına dair çağırış-tələblər təşkil etdi.
Belədə isə ortaya sual çıxır: Azərbaycandan konkret cinayət əməllərinə görə həbs olunanların azadlığa buraxılmasını tələb edən Almaniyada demokratiyanın gerçək durumu nə yerdədir. Bu baxımdan 2013-cü il aprelin 25-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasının iclasında müzakirəyə çıxarılan hesabatı, sözün əsl mənasında Almaniya hökuməti üçün ciddi zərbə, "qara cümə axşamı" adlandırmaq olar. Almaniya hökumətinin tam ifşası məhz həmin toplantıda baş tutmuşdu.
Türkiyənin BMT-dəki nümayəndəsi Oğuz Dəmiralp Almaniyada əcnəbilərə münasibətdə düşmənçilik təzahürlərinin geniş vüsət almasından, hakimiyyətin fəaliyyətsizliyi səbəbindən bu ölkədə yaşayan 3 milyon türkün həyatı üçün ciddi təhlükə yaranmasından geniş danışmışdı. Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Qoltyayev isə Almaniyada milli azlıqlara və miqrantlara münasibətdə düşmənçilik təzahürlərinin artmasından narahatlığını ifadə etmişdi. Almaniyanın ombudsmanı M.Löninq faktlara əsaslanan bütün ittihamlara, əvvəlcədən hazırlanmış standart frazalarla münasibət bildirərək demişdi ki, Almaniya nasistlər tərəfindən təşkil edilmiş bu cür qətllərin bir daha təkrarlanmaması üçün əlindən gələni edəcəkdir. Buna baxmayaraq, Almaniyanın bir nömrəli hüquq müdafiəçisi alman müstəntiqlərinin yol verdiyi məşum səhvləri etiraf etməli və öz ölkəsi adından Türkiyədən və BMT-dən dönə-dönə üzr istəməli olmuşdu. Hətta Böyük Britaniya və Fransa da Almaniya hökuməti qarşısında ciddi tələblər irəli sürmüş, bu ölkədə irqçiliyin genişlənməsini tənqid etmişlər. Qeyd olunmuşdu ki, Almaniya polisi güc tətbiq edilməsində ifrata varır, öz səlahiyyətlərindən sui-istifadə edir və baş vermiş cinayət hadisələrini lazımi qaydada araşdırmır. Digər ölkələrin nümayəndələrinin kəskin tənqidi çıxışları da nəzərə alınmaqla, BMT-nin İnsan Haqları Şurası Almaniya üçün tövsiyələrin hazırlanması barədə qərar vermişdi.
Başqa bir fakt: Almaniyanın "Bertelsmann" fondunun apardığı sorğunun nəticələrinə əsasən, hər 2 almandan biri İslam dinini təhlükə mənbəyi hesab edir. Hüquq-mühafizə orqanları isə irqi zəmində baş verən cinayətləri faktiki olaraq araşdırmır. Buna görə də təəccüblü deyil ki, Berlində Burak Bektaş adlı 22 yaşlı türkün güllələnməsi, onunla olan 16 yaşlı rusun və 17 yaşlı ərəbin isə ağır yaralanması polisin diqqətindən kənarda qaldı və müqəssirlər tapılmadı.
Maastrixt Universitetinin apardığı araşdırma nəticəsində Almaniya şirkətlərinin dünya üzrə insan hüquqlarını ən kobud şəkildə pozduqları müəyyən edilib. Nəticəyə əsasən, 1800 insan hüququ pozuntusu halının 87 faizi Almaniyanın payına düşür.
Ölkədə insan haqlarının pozulması, korrupsiya və digər neqativ hallara qarşı keçirilən etiraz aksiyalarının qarşısı isə polis tərəfindən qəddar şəkildə alınır. Buna misal kimi hakimiyyətin bu yaxınlarda Frankfurt və Hamburqda keçirilmiş aksiyalara qəddar münasibətini göstərmək olar. Həmin vaxt təkcə aksiya iştirakçıları deyil, həm də hüquq müdafiəçiləri və jurnalistlərə qarşı zorakılıq tətbiq olunmuşdu.
Almaniya hökumətinin dünyada söz və məlumat azadlığı məsələlərinə əsl münasibətini göstərən faktlardan biri də "Al Jazeera" telekanalının əməkdaşı Əhməd Mənsurun Misirin hüquq mühafizə orqanlarına təhvil verilməsi məqsədilə Berlin Hava Limanında saxlanılmasıdır. Məlumatlara görə, iki həftə bundan əvvəl Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin Berlinə rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi sahədə razılaşmalar əldə olunub və Almaniyanın "Simens" şirkəti Misirdə yüksək məbləğdə layihələr icra etmək hüququ qazanıb. Hətta İnterpol belə Əhməd Mənsurun saxlanılması ilə bağlı Qahirənin müraciətinin icrasından imtina edib. Hazırda ekspertlər hesab edirlər ki, Merkel hökumətinin canfəşanlığı Misirlə əldə olunmuş razılaşmaların qarşılığıdır.
Bütün bunlar riyakar "demokrat" Angela Merkelin ikrah doğuran portretindən kiçik ştrixlər idi. Onun və havadarlarının Azərbaycana qarşı qərəzli münasibəti isə tarixdə yalnız riyakarlığın növbəti epizodlarından biri kimi qalacaq.
Orxan Həsənli