İradə Yaqubova: "2006-cı ildən fəaliyyət göstərərən "ELS" Müstəqil Araşdırmalar Mərkəzi öz sıralarında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım göstərmək, sabit və etibarlı gələcəyin quruculuğu prosesinin real iştirakçısı olmaq istəyənləri birləşdirir"

Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu danılmazdır. Vətəndaş cəmiyyətinin əsas məqsədi, amalı dövlətinin cəmiyyətdəki hakimiyyətini, gücünü neytrallaşdıraraq tarazlığa nail olmaqdan ibarətdir. Fərdlər ayrılıqda qalanda, mütəşəkkil olmayanda, hansısa qruplarda birləşməyəndə yalnız hökumətin təsir dairəsində qalırlar. Vətəndaş cəmiyyəti insanların etimadını qazanmaqla hökumətin təsirini azaldır və nəticədə hökumət insanlardan özünə qarşı loyallıq tələb edə bilmir. Vətəndaş cəmiyyətini təşkil edən QHT-lər, azad həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və digər könüllü təşkilatlar və təsisatlar hökumətə imkan vermir ki, o insanların inandığı yeganə quruma çevrilsin. Bu gün Azərbaycanda bəzi QHT-lərin adı kağız üzərində olsa da, vətəndaşların əlindən tutan, vətəndaş cəmiyyətinin inkişafına tövhə verən QHT-lərin sayı da az deyil. Onlardan biri "Els" Araşdırmalar Mərkəzidir. Həmsöhbətimiz bu Mərkəzin rəhbəri İradə Yaqubovadır.
- İradə xanım, mümkünsə öncə rəhbəri olduğunuz Mərkəzin yaranması, fəaliyyət istiqamətlərindən söz açın.
- 2006-cı ildən fəaliyyət göstərərən "ELS" Müstəqil Araşdırmalar Mərkəzi öz sıralarında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım göstərmək, sabit və etibarlı gələcəyin quruculuğu prosesinin real iştirakçısı olmaq istəyənləri birləşdirir. 2007-ci il yanvar ayının 31-də Mərkəz könüllülük əsasında fəaliyyət göstərən qeyri-kommersiya, qeyri-hökumət, ictimai təşkilat kimi qeydiyyatdan keçib. Mərkəz ölkənin sosial-ictimai həyatının bütün sahələrində geniş spektrli tədqiqatlar həyata keçirir. Bunun üçün monitorinqlər, hər növ sosioloji sorğular, dəyirmi masalar və s. tədbirlər keçirilir. Bizim təşkilat öz işində müstəqillik, dəqiqlik, operativlik, doğruluq və obyektivlik prinsiplərinə əsaslanır. Mərkəzlə müxtəlif yönümlü zəngin nəzəri və praktiki təcrübəyə malik mütəxəssislərlə yanaşı gənclər də əməkdaşlıq edir. Onlar yaşlı nəsildən təcrübə alır və öz növbəsində aktual problemlərin həllinə yenilik gətirirlər. Mərkəzin fəaliyyətinin məqsədi ictimai həyatın əsas amili və nizamlayıcısı olan ictimai şüurun rolunun artmasına imkan yaradan bütün sahələrdə vətəndaş cəmiyyətinin təşəkkül tapmasına kömək etmək, elmi və praktiki tədqiqatların keçirilməsi əsasında biliklərin və mütərəqqi informasiyanın yayılmasına yardım etmək , ölkəmizin inkişaf istiqaməti barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. Biz, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə öz töhfəsini vermək istəyənlərin hamısı ilə əməkdaşlığa hazırıq.
-İradə xanım, Sizin QHT əsasən "Exit-poll" keçirmək üzrə mütəxəssisləşib. İndiyə qədər nə qədər belə layihə həyata keçirmisiz?
- "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində "Ekzit-poll" həyata keçirdi. Həmin vaxt 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparılan "Ekzit-poll"da seçici fəallığı 38,30% olub. Seçkidə namizədlərin dəyərləndirilməsinə gəlincə, seçicilər Yeni Azərbaycan Partiyasına (YAP) – 67,90%, digər siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərə 5,47%, digər namizədlərə – 26,63% səs verdilər. Demək olar ki, fəaliyyətə başladığımız dövrdən bu tərəfə keçirilən seçkilərdə bizim QHT "Exit-poll" keçirib.
-Amma İradə xanım son vaxtlar layihələriniz tamamilə fərqli mövzudadır...
- Hazırda başa çatdırmaq ərəfəsində olduğumuz layihə "Milli-mənəvi dəyərlərin qorunmasında İKT-nin rolunun gücləndirilməsi"layihəsidir. Ümumiyyətlə, bizim Mərkəz fəaliyyətə başladığı vaxtdan fərqli sahələrdə layihələr həyata keçirib. İctimai əsaslarla işləyən QHT-lər ictimaiyyətdə qarşılaşdıqları hər bir problemə toxuna, o istiqamətdə marifləndirmə işi apara bilərlər.
- Hazırki layihənizin məqsəd, məramı nədən ibarətdir?
-"Milli-mənəvi dəyərlərin qorunmasında İKT-nin rolunun gücləndirilməsi"layihəsi sırf milli mənəvi dəyərlərin qorunması mövzusuna həsr olunub. http://meneviservetimiz.az/ portalı da "ELS" Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən 2011-ci il 15-sentyabr-15 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Layihənin təməlini 2011-ci ilin yanvar ayından "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin ictimai əsaslarla həyata keçirdiyi "Vətəndaş cəmiyyəti gələcəyimiz naminə" kampaniyası qoyubdur. Kampaniya çərçivəsində ölkəmizdə uşaq və gənc nəslin mədəni-mənəvi və əxlaqi formalaşması üçün yaradılmış şəraitin öyrənilməsi, mövcud problemlərin aşkarlanaraq həlli yollarının araşdırılması və təkliflərin hazırlanması olub. Layihə çərçivəsində monitorinqlər, rəy sorğuları, iki Dəyirmi masa keçirilmiş, təkliflər paketi hazırlanıb. İşlənmiş təkliflər ölkə Prezidenti cənab İlham Əliyevə göndərilibdir. Portalın yaradılmasında məqsəd uşaqların cəmiyyətimizin hərtərəfli inkişaf etmiş bir üzvü kimi formalaşması üçün tələb olunan məlumat bazasının yaradılmasıdır. Burada həm uşaqlar üçün yaradılmış milli ədəbi və musiqi əsərləri, həm dünya şöhrətli korifeylərimizin yaratdığı əsərlər və ustadlarımızın əsrarəngiz ifaları, həm də dünya xalqlarının yaradıcılığının incilərinin toplanılması nəzərdə tutulmuşdur. Eyni zamanda, Portalın bazasına uşaqlarımızın bacarıqlarının inkişafı üçün yaradılmış imkanlara dair məlumatlar daxil edilmişdir. Hər bir valideyn yaşadığı rayonda, yəni, evinə yaxın dövlət məktəbdənkənar təhsil mərkəzlərində musiqi, rəqs, idman, qiraət, rəssamlıq, ekoloji, turizm və diyarşünaslıq, məktəbə hazırlıq və digər dərnəklərdə övladının pulsuz məşğul olması üçün nəzərdə tutulan mərkəzlər barədə ətraflı məlumatlar əldə edə bilər. Portalın bazasının yaradılmasında bir çoxlarının töhfəsi olmuşdur. Biz ilk növbədə bu layihəni dəstəkləyən və iş prosesində öz dəyərli tövsiyyələrini verən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi, Bakı şəhər Təhsil İdarəsinin məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil sektorları, Bakı Musiqi Akademiyası, Bakı Musiqi Kolleci, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarları İttifaqı, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, "Göyərçin" uşaq jurnalının əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk. Layihənin ilk günlərindən öz dəyərli vaxtlarını bizdən əsirgəməyən ölkəmizin görkəmli xadimləri Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, Nazim Kazımov, Baba Vəziroğlu, Vahid Əziz, Faiq Sücəddinov, Ənvər Əbluça minnətdarlığımızı bildiririk. Eyni zamanda, APU-nun "Musiqi alətləri" kafedrasının müdiri Minarə Dadaşova, "Bənövşə" uşaq xoru və rəqs ansamblının bədii rəhbəri Zülfiyyə İbrahimovanın töhfələrini də qeyd etmək istərdik. Qeyd etməliyik ki, Portalın məlumat bazasının yaradılması ilkin mərhələdədir. Biz hər kəsi bu işdə yaxından iştirak etməyə dəvət edirik! Uşaqlar üçün yaradılmış milli mədəni irsimizin incilərinin Portalda tam əks olunması üçün sizlərin köməyinə ehtiyacımız var! Portala hər kəs öz əsərlərini, uşaqlarının şeir və hekayələrini, rəsmlərini, mahnı və rəqs ifalarının yazılarını göndərə bilər. Təqdim eləcəyiniz kitablar, disklər, fotoşəkillər, audio və videoyazıların surətləri çıxarılaraq özünüzə qaytarılır.
- Məndə olan məlumata görə, sizin bu layihəniz tele-məkana da yol tapıb...
- Layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyi və İctimai Televiziyanın iştirakı ilə mümkün olub. İyunun 3-də İctimai Televizyanın "Açıq dərs" verilişində "ELS" Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi" layihəsi çərçivəsində "Uşaqların asudə vaxtının təşkili" mövzusu müzakirə olunub. Ekspertlər "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin təmsilçisi Maral Salmanova, Təhsil nazirliyinin tabeliyində olan Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, əməkdar müəllim Lalə Qəti və Bakı şəhəri 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov, həmçinin studiyanın qonaqları Azərbaycanda fəaliyyət göstərən məktəbdənkənar mərkəzlərin direktorları və şagirdləri mövzu ilə bağlı bir sıra aktual məsələlərə toxunmaqla tamaşaçılara maraqlı anlar yaşadıblar. "Açıq dərs" verilişində 12 mövzumuz müzakirəyə çıxarılıb.
- Bəs qarşıdan gələn seçkidə "Exit-poll" keçirmək fikriniz varmı?
- Bu sahədə ixtisaslaşdığımızdan mümkündür ki, parlament seçkilərində də "Exit-poll" keçirək.