Azərbaycanda

Sığorta şirkətləri bunu ortaya çıxan əlavə risklərlə əlaqələndirirlər

Ev sahiblərinin və kirayənişinlərin evə fərqli münasibəti özünü sığorta haqlarında da göstərir. Fins.az-ın məlumatına görə, sığorta şirkətləri kirayə verilən mənzilləri daha baha qiymətə sığortalayırlar.
Səbəbi kirayə verilən evlərdə riskin böyük olmasıdır.

"Ev sahibi qapını da ehtiyatla örtür"
Evi kirayə vermək sahibinə təkcə pul yox, həm də problemlər gətirir. Kirayədə qalanlar evə onun sahibi kimi qayğı ilə yanaşmırlar. Ona görə də, adətən illərlə təmir lazım olmayan ev kirayəyə verilən kimi, təmirə ehtiyac olur. Sığopta şirkətinin nümayəndələri bildirir ki, ev sahibi ilə kirayədə qalanların mənzilə münasibəti hər addımda özünü göstərir: "Məsələn, ev sahibi qapını örtəndə də ehtiyatla örtür, çünki ona ödədiyi məbləği nəzərə alır. Kirayəşin üçün isə bunun fərqi yoxdur". Evin istifadə təyinatı da sığorta risklərini artıra bilər. Məsələn, evin ofis və yaxud digər məqsədlə istifadə edilməsi buna misal ola bilər. Sığorta ekspertləri bildirirlər ki, xarici ölkələrdə də kirayə evlər digərlərinə nisbətən yüksək sığorta haqqı ödənilməklə sığortalanır.

"50 -70 manat baha sığortalayırıq"
Azərbaycanda da kirayə evlər baha sığortalanır. "Azsığorta" şirkətinin anderraytinq şöbəsinin müdiri Cəlal Mehdiyev bildirib ki, kirayə verilən evləri bazar qiymətindən aslı olaraq nisbətən yüksək sığorta haqqı ödənilməklə sığorta edilir. Qiyməti 100 min manata qədər olan evlərdə fərq 10-15 %, 300-500 min manat olan evlərdə isə 5-7 % təşkil edir. Məsələn, vətəndaşın yaşadığı bazar qiyməti 100 min manat olan evin sığortası 300 manat təşkil edirsə, kirayə verilən eyni evin sığorta haqqı 350 -370 manat təşkil edir.
"Atəşgah sığorta" şirkətinin anderraytinq və təkrarsığorta departamentinin rəhbəri Günel Rəhimova da bildirib ki, kirayə evlər 5-15 % baha sığortalanır. Bu isə o deməkdir ki, 100 min manatlıq evin sığortası 300 manat olduğu halda, eyni evin kirayə riskləri əlavə 15-45 manata başa gəlir.

"Subasma hadisələri daha çox olur"
Sığorta şirkətləri kirayə evlərin sıgortasının baha olmasını ortaya çıxan əlavə risklərlə əlaqələdirirlər. Çünki kirayənişinlər ev sahibinə nisbətən evə laqeyd münasibət göstərirlər.
G.Rəhimovanın sözlərinə görə, əsas risk yaradan amillər qazın, suyun açıq qalması və yanğındır.
C.Mehdiyev isə kirayə evlərlə bağlı sığorta hadisələrinin adətən subasma ilə bağlı olduğunu deyir: "Məsələn, qrafiklə su verilən mənzildə kirayəşinin su kranını açıq saxlaması subasmaya səbəb olmuşdu. Evin parketinin dəyişdirilməsinə görə 3 min manat sığorta ödənişi verdik. Başqa bir sığorta şirkətində sığortalanan evdə isə kirayəşinin iti divanın üzlüyünü didib yararsız hala saldığına görə sığorta pulu ödənilmişdi".

"Kirayə evləri yalnız xarici vətəndaşların
tələbi ilə sığortalayırlar"
Sığorta şirkətləri bildirir ki, kirayə evləri sığortalayanlar çox azdır. G.Rəhimova kirayə evlərin yalnız xarici şirkətlərin tələbinə görə sığortalandığını deyir: "Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər işçilərinin qaldığı kirayə evləri və işçilərinin məsuliyyətini sığortalayırlar. Məsuliyyət sığortası isə ona görə vacibdir ki, kirayə evlə yanaşı qonşu mənzillərə dəyən ziyan da təmin edilə bilsin". C.Mehdiyevin sözlərin görə, kirayə evləri sığortalayanlar 1 %-dən də aşağıdır. Bu isə çox kiçik göstəricidir. Adi qaydada vətəndaşlar belə evləri sığortalamırlar.
Sənan Mirzə