Gəncənin "Kəpəz" klubunun Avropa Liqasındakı rəqibi "Admira" Azərbaycanın ərazi bütövlüyünü təhrif edib.

Unikal.org anspress-ə istinadən bildirir ki, Avstriya klubunun Facebook səhifəsində iyulun 20-də Bakıda keçiriləcək cavab oyunu ilə bağlı yaydığı məlumatda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ərazisi kimi təqdim edilməyib.

Bu, 16 illik fasilədən sonra Avropa meydanına qayıdan "Kəpəz"lə bağlı üçüncü belə haldır. Sonuncu dəfə Türkiyənin NTV kanalı verdiyi xəbərdə "Kəpəz"i səhvən Ermənistan komandası kimi göstərib.

Daha sonra NTV kanalı bu addımına görə Azərbaycan xalqından və komandadan üzr istəyib. Kanal bununla bağlı açıqlama yayıb.

İlk dəfə Avropa Liqasının I təsnifat mərhələsində "Kəpəz"in qonağı olan Moldovanın "Daçiya" klubunun saytında ciddi səhvə yol verilib. Moldova təmsilçisinin rəsmi saytı oyunun keçiriləcəyi "Dalğa Arena"nın yerləşdiyi Mərdəkan qəsəbəsinin adını erməni mənşəli kimi təqdim edib.

"Kəpəz" məsələ ilə bağlı rəsmi münasibətini bildirərək qarşı tərəfə etiraz məktubu göndərib. Artıq moldovanlar səhvini başa düşərək Azərbaycan xalqından və "Kəpəz" klubundan üzr istəyib. Bu barədə "Daçiya" klubunun rəsmi saytında xəbər verilib.

Ötən gün keçirilən ilk oyunda Gəncə klubu 0:1 hesabıyla uduzub. Cavab qarşılaşması iyulun 20-də "Dalğa Arena"da keçiriləcək.